Heyvanlar arasında yayılan virus və infeksiya xəstəlikləri təkcə kənd təsərrüfatı sektoruna deyil, həm də insan sağlamlığına birbaşa təsir göstərir. Xüsusilə dabaq xəstəliyinə yoluxma hallarının artması bu sahədə ciddi nəzarət və profilaktik tədbirlərin vacibliyini gündəmə gətirir.
Mövzu ilə bağlı Ölkə.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, dabaq xəstəliyi həmişə Azərbaycanda mövcud olub.
Onun sözlərinə görə, Sovet vaxtı dabaq xəstəliyi olan zonalarda karantin elan olunurdu:
"Həmin zonadan gələn avtomobillərin təkərləri yuyulurdu, hətta atla insanlar keçəndə onların ayaqlarının yuyulmasına nəzarət edilirdi və bu işlərə ordu da cəlb olunurdu. Bu işlərə nəzarət etmək üçün təkcə polis yox, həm də ordu iştirak edirdi və xəstəliyin yayılma arealının genişlənməsinin qarşısı alınırdı. Bu gün isə ölkənin hər yerində son bir neçə aydır bu xəstəlik baş alıb gedir.
Əvvəla, dabaq xəstəliyinin əlamətləri heyvanın tam iştahsız olması, ot yeməməsi, su içməməsi, ağzından və burnundan su axması, daha sonra isə ölməsidir. Kəndlilər heyvanların sayı azalmaması üçün bəzən xəstələnmiş heyvanları kəsirlər. Əlamətləri azacıq görən kimi heyvanı kəsib müəyyən yollarla satışa çıxarırlar. Dabaq xəstəliyinə tutulmuş heyvanın əti boş olur, üzərində su damlaları müşahidə edilir. İnsanlar bunu bilməlidirlər".

E.Hüseynov qeyd edib ki, şəhərlərdə ətə olan tələbatın azalması təbiidir, buna görə də qiymətlərin aşağı düşməsi müşahidə olunur:
"Təəssüf ki, dabaq xəstəliyi ölkənin hər yerində yayılmaqdadır. Mən istehlakçılara məsləhət görürəm ki, ümumiyyətlə, ət aldıqda xüsusilə təsadüfi yerlərdən, küçələrdən alarkən çox diqqətli olsunlar. Əti yaxşı qaynatmaq, tam bişirmək vacibdir. Dabaq xəstəliyinə tutulmuş heyvanın ətində xəstəliyin daşıyıcıları ola bilər və bu, insana keçə bilər. Əti qızardılmış və ya kabab şəklində yemək düzgün deyil, çünki kababın içərisinə temperatur tam keçmir və belə halda daşıyıcılar insanlarda xəstəlik yarada bilər.
Eləcə də dabağa tutulmuş heyvanların südündən istifadə edərkən çox ehtiyatlı olmaq lazımdır. Çünki istehlakçı bilmir ki, heyvan dabağa tutulub, ya yox. Buna görə də bu dövrdə ət və süd məhsullarından istifadə zamanı xüsusi diqqətli olmağı tövsiyə edirəm. Mən həmişə deyirəm ki, ən yaxşı rəy ictimai rəydir. İctimai rəydə nə varsa, o səhv deyil. Məsələn, mənə ardıcıl məlumatlar gəlir. Bu yaxınlarda böyük bir forumda, Xankəndidə idim. Orada da qeyri-hökumət təşkilatlarının nümayəndələri mənə dedilər ki, dabaq xəstəliyinin bu qədər geniş yayılmasının əsas səbəbi ölkəyə gətirilən vaksinlərin keyfiyyətsiz olması ilə bağlıdır.
Ona görə də bu məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi cavab verməlidir və ictimaiyyət qarşısında aydın izahat verməlidir: Nə üçün ölkədə dabaq xəstəliyinin bu qədər yayılmasına imkan verilib? Nə üçün vaxtında qarşısı alınmayıb? İctimai rəyə görə, tender yolu ilə ölkəyə keyfiyyətsiz vaksinlər gətirilib və vaksinasiya zamanı onların təsirsizliyi üzə çıxıb.
Bir sözlə, insanlar diqqətli olmalıdırlar. Ətin haradan gəldiyini bilmədən almaq düzgün deyil. Mümkün qədər ət istehlakını azaltmaq məsləhətdir. Təsadüfi yerlərdən ət alınmamalıdır. Dabaq xəstəliyinə tutulmuş heyvanlar dövlət nəzarəti altında saxlanılmalıdır".
Həmidə İbrahimova