Brüssel Bratislavanın enerji qiymətləri və iqlim məqsədləri ilə bağlı tələblərini nəzərə almağa razılaşıb...
Poliqon xəbər verir ki, Slovakiyanın xarici işlər naziri Yuray Blanar ölkəsinin Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiya paketini dəstəkləməyə hazır ola biləcəyini bəyan edib. Nazir bildirib ki, Avropa Komissiyası Slovakiyanın elektrik enerjisi qiymətləri və iqlim hədəflərinin sənaye ehtiyacları ilə uzlaşdırılması barədə irəli sürdüyü təklifləri qəbul etməyə meyllidir.
Yuray Blanar bu barədə Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin iclasından sonra danışıb. Onun sözlərinə görə, hazırda Brüssel Slovakiyanın təkliflərini Avropa Şurasında müzakirəyə çıxarılacaq yekun sənədlərə daxil etməyə razıdır.
“Avropa Komissiyası ilə sıx təmasdayıq və artıq deyə bilərəm ki, təkliflərimizin əksəriyyəti qəbul olunub və Avropa Şurasının cümə axşamı müzakirə edəcəyi nəticələrə salınıb. Əgər bu tələblər rəsmi sənədlərə daxil edilərsə, Slovakiya digər ölkələrin dəstəyi ilə sanksiyalar paketinə müsbət mövqe tutmağa hazır olacaq,” — deyə Blanar vurğulayıb.
Xatırladaq ki, sentyabr ayında Slovakiyanın baş naziri Robert Fiço bəyan etmişdi ki, Avropa Komissiyası enerji qiymətlərinin tənzimlənməsi və iqlim məqsədlərinin sənaye maraqları ilə uyğunlaşdırılması üçün konkret həll yolları təqdim etməyincə, Bratislava yeni sanksiyaları dəstəkləməyəcək.
Məlumata görə, Aİ liderləri oktyabrın 24-də keçiriləcək Avropa Şurasının iclasında həm Slovakiyanın təkliflərini, həm də növbəti sanksiya paketinin detalları barədə razılaşmanı müzakirə edəcəklər.
Poliqon.info