AZ

Bulvar İdarəsinin sabiq rəisi: " Vəzifəm gələn qonaqları qarşılamaq, tədbirlər təşkil etmək idi" - MƏHKƏMƏ

BAKI, 20 oktyabr. TELEQRAF

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə İlqar Mustafayev dövlət ittihamçısı Eldar Məmmədovun suallarını cavablandırıb.

Bildirib ki, 2016-2024-cü illərdə Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsini tutub. Onun sözlərinə görə, vəzifəsi müzakirələrin aparılması, qərarların qəbulu və icra olunması, dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə sərf olunmasına nəzarət etməkdən ibarət olub.

Təqsirləndirilən şəxs qeyd edib ki, Fuad Babayev kommunal-təsərrüfat idarəsinin əməkdaşı olub: "Mənim bütün işçilərə nəzarət etmək imkanım yox idi. Fuad Babayev kimi 980 işçim vardı. Rəşad Bədəlov isə kommunal sahədə nəzarətçi idi. Sonradan mənim köməkçim oldu".

İlqar Mustafayev qeyd edib ki, kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər qeyri-büdcə sahəsindən gələn gəlir hesabına maliyyələşib. Hesablama Palatası yoxlama zamanı bunu irad tutub, deyiblər ki, maliyyələşmə büdcə vəsaiti hesabına olmalıdır: "Qeyri-kommersiya sahəsində işlər qanuni çərçivədə aparılıb. Mən işimdə aşkarlıq tətbiq etmişəm, hər şey şəffaf olub. Vergi ödənilməsəydi, həmin şəxslərə cinayət işi açılardı. Bütün işləri şəffaf icra eləmişəm, vergi bəyannamələri vaxtında həyata keçirilib".

Təqsirləndirilən şəxs deyib ki, "Marş Park" dondurma köşklərinin sahibi ilə xidməti müqavilə bağlanıb: "2016-ci ildən sonra qeyri-büdcə sahəsindən hər il gəlir artıb. Fiziki şəxslərin nə qədər gəlir əldə etməsinə nəzarət etmək imkanım olmayıb. Vəzifəm gələn qonaqları qarşılamaq, tədbirləri təşkil etmək idi".

Təqsirləndirilən şəxs qeyd edib ki, pandemiya dövründə bulvar bağlı olub, heç bir fəaliyyət göstərilməyib: "Bulvara giriş dəmir hasarlarla əhatələnmişdi. Yalnız öz işçilərimiz əraziyə buraxılırdı ki, onların da sayı iki-üç nəfərdən ibarət idi".

Daha sonra İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli bəzi sənədlərin cinayət işinə əlavə olunması ilə bağlı vəsatət verib.

Vəkil qeyd edib ki, bu gün burada təkcə konkret şəxsin – İlqar Mustafayevin taleyi yox, həm də ədalətin özünə inam məsələsi həll olunur: "Yalnız arifmetik hesab fantaziyalarına, fərziyyələrə və şayiələrə əsaslanaraq, sübut təqdim edilmədən insanı ittiham etmək olarmı? Səkkiz il ölkəsinin rifahı üçün vicdanla çalışan dövlət qulluqçusunun reputasiyası sadəcə olaraq nəyin bahasına olursa-olsun günahkar tapmaq istəyinə görə məhv edilə bilərmi? Mən məhkəmədən faktlara baxmağı xahiş edirəm. Çünki həqiqət detallardadır. Bu faktlar, detallar bütün ittiham aktını tamamilə alt-üst edir.

Hesablama Palatasının yoxlaması ilə təxminən 3 milyon 774 min manatlıq çatışmazlıq aşkarlanıb. Bir neçə gündən sonra bu məbləğ möcüzəvi şəkildə 12 milyon 350 min manata yüksəldilib. Vergi Xidməti isə daha 1 milyon 800 min manat əlavə edib. Nə bir sübut, nə hesablama, nə də rəqəmlərin mənşəyini təsdiq edən bir sənəd ortaya qoyulub. Bu, sadəcə olaraq, havadan uydurulmuş arifmetik piramidadır".

Vəkil qeyd edib ki, Dənizkənarı Bulvar İdarəsinin rəsmi məlumatlarına görə, 2021-ci ildən 2024-cü ilə qədər gəlirlər təxminən 48 milyon manat olub, xərclər də təxminən eynidir: "Xərclər hətta gəlirləri bir qədər üstələyirdi. Bu o deməkdir ki, təşkilatın mənimsənilmək üçün heç bir qazancı yox idi. Əksinə, hər bir manat abadlığa, maaşa, inkişafa xərclənirdi. Bəs ittiham tərəfi bu milyonlarla mənimsənilmiş vəsaiti haradan alır? Cavab sadədir: fərziyyələrdən.

İttihamın birinci hissəsinə əyləncə attraksionları, restoranlar, mövsümi pərakəndə satış və tualetlər daxildir. İstintaq iddia edir ki, 8 milyon manatdan çox gəlirdən, demək olar ki, hamısı mənimsənilib. Lakin bütün bu rəqəmlər maliyyə hesabatlarından deyil, bəziləri hətta bu illər ərzində işləməyən şəxslərin ifadələrindən götürülüb. Mühasibat sənədləti, üzləşdirmə aktları və ilkin uçot sənədləri yoxdur".

Vəkilin sözlərinə görə, məhz 2016-cı ildə belə bizneslərin hamısı qara zonadan çıxarılıb, rəsmi qeydiyyata alınıb, vergi və kirayə haqqını ödəməyə başlayıblar: "Əvvəllər açıqlanmayan hesabatlar İlqar Mustafayevin dövründə şəffaflaşdı. İttiham tərəfi bunu mənimsəmə adlandırır. Reallıqda isə bu, qeyri-rəsmi razılaşmalardan hüquqi-rəsmi əməliyyatlara keçid deməkdir".

Vəkil əlavə edib ki, ittihamın ikinci hissəsinə gəzinti gəmiləri daxildir: "Burada istintaq adi servis gəmisini qızıl mədəninə çevirib. Gəlirlərin milyonlarla olduğu bildirilir, hesabatlarda isə daha az olduğu göstərilir. Amma müstəntiqlərin hesablamaları qeyri-real rəqəmlərə əsaslanır. Pandemiya zamanı bulvar bağlananda, məhdudiyyətlər olanda, hətta qayıqla gəzintilər qadağan ediləndə on minlərlə sərnişinin guya gəmilərdən istifadə etdiyi yazılır. İşə nə hava proqnozları, nə gəmilərin fırtınalar səbəbindən dayandığı günlər, nə də şəhid-qazi uşaqları və ailələri üçün pulsuz sosial səfərlər daxildir.

Heç bir sənəddə pulun birbaşa kimə ödənilməsi göstərilmir. Bütün əməliyyatların uçotu kassa vasitəsi ilə aparılıb, vergilər ödənilib. İttihamın bütün şahidləri də qeyd edir ki, kassa əməliyyatlarından kənar heç bir ödəniş növü olmayıb. Nəticədə ittiham bu faktları kənara qoyub, fərziyyələrə əsaslanıb".

Vəkil daha sonra bildirib ki, ittihamın üçüncü hissəsi Maraş dondurması, pambıq konfet, popkorn, batut və fast-fooddan gələn gəlirlərlə bağlıdır: "İddia edirlər ki, bu müəssisələrdən əldə olunan gəlirlər vəzifəli şəxsə nağd şəkildə ötürülüb. Halbuki bulvarda fəaliyyət göstərən hər bir sahibkarın vergi xidmətində qeydiyyatdan keçmiş rəsmi müqaviləsi var idi. Ödənişlər qaimə-fakturaya uyğun həyata keçirilib, vergilər ödənilib. Əgər onlardan biri kölgədə fəaliyyət göstərsəydi, vergi xidməti çoxdan orada yoxlama aparıb, ittiham irəli sürərdi. Amma nə cərimə var, nə vergi yoxlaması, nə də rəsmi hesabat. Həmin müəssisələr bu gün də eyni müqavilələr əsasında fəaliyyətlərini davam etdirirlər".

Vəkil deyib ki, ittihamın dördüncü hissəsi ödəniş dayanacaqlardır: "Bu, bəlkə də ən absurdudur. Hesablama Palatasının 2019-cu ildə apardığı audit yoxlamasından sonra departament tərəfindən iş yerlərinin saxlanılması məqsədi ilə tabeliyində olan dayanacaqlara cavabdeh bölmə ləğv edilərək işçilər fərdi sahibkar statusuna keçirilib. İstintaq həmin sahibkarların ümumi dövriyyəsini götürərək Mustafayevin şəxsi gəliri kimi qeydə alıb. Lakin ümumi dövriyyə mənfəət deyil. Bu, maaşların, vergilərin, avadanlıqların və təmirlərin, digər xərclərin ödənildiyi ümumi gəlirdir.

Bu dəyişiklikdən sonra Bulvar İdarəsinə ödənişlər artdı, azalmadı. Onların hamısı rəsmi şəkildə qeydə alınıb. İttihamın bu hesablaması sadəcə olaraq metodoloji səhvdir, həmçinin ədalətsiz yanaşmadır.

İttihamın beşinci hissəsi Girasol şirkətinə və istixanaya aiddir. Dekorativ bitkilərin alınması qanuni, tender yolu ilə həyata keçirilib. İstintaq bitkilərin idarənin istixanasında yetişdirilə biləcəyi halda nə üçün kənardan götürüldüyünü cinayət hesab edərək mənimsəmədə ittiham edib. Halbuki elə İlqar Mustafayevin öz təşəbbüsü ilə yaradılan həmin “istixana” bitkilərin müvəqqəti saxlama yeri idi, ilin dörd fəslində gül yetişdirmək üşün istixana deyildi. Anbar və müvəqqəti istixanadır. Onun 16 kilometr uzunluğunda bulvar üçün minlərlə bitki yetişdirməyə nə yeri var, nə də şəraiti, nə qaz var nə də istilik sistemi. Üç il sonra bitkiləri müqayisə etmək və onların eyni olduğunu iddia etmək həm elmi, həm də hüquqi baxımdan mümkün deyil.

Həmçinin istintaq həmin istixanaya nə baxış keçirib, nə də fotoşəkil əlavə edib. Çünki özü də yaxşı bilir ki, ora istixana yox, müvəqqəti, mövsümi bir yer olub".

İsmayıl Kəngərli deyib ki, ittihamda hesabat rəqəmlərində uyğunsuzluqlar var: "İttiham tərəfi hesabatla yoxlanılan məbləğlər arasında təqribən 600 min manat uyğunsuzluğu qeyd edir. Bu, ümumi dövriyyənin 1 faizindən də azdır. Bu cür uyğunsuzluqlara istənilən böyük strukturda yol verilir - tənzimləmələr, yuvarlaqlaşdırma, hesablama və ödəniş arasında vaxt gecikmələri. İstintaq bunu qəsdən mənimsəmə adlandırır. Amma bu, cinayət deyil, mühasibat xətasıdır.

Yeddinci məsələ isə məhkəmə ekspertizasıdır. Ən çox diqqət çəkən məqam istintaqın məhkəmə-iqtisadi ekspertizanı necə aparmasıdır. Bu ekspertiza müstəntiqin qərarı ilə Ədliyyə Nazirliyi tərəfindən aparılıb və onun nəticələri ittihamı təsdiqləməyib. Sonra istintaq onu sübut qismində tanımaqdan imtina edib. Halbuki bu ekspertiza təşəbbüsü elə istintaqın özündən gəlmişdi. Belə desək, sübut əvvəlcədən düşünülmüş sxemə uyğun gəlmədiyi üçün, o, sadəcə olaraq qəbul edilmədi. Bu, ədalətli məhkəmə araşdırması prinsiplərinə ziddir.

İlqar Mustafayev səkkiz il Bulvar İdarəsinə rəhbərlik edib. Bu müddət ərzində büdcə və büdcədənkənar gəlirlər ardıb. Onlarca hektar sahədə abadlıq işləri aparılıb, yeni obyektlər tikilib, sanitar qovşaqlar müasirləşdirilib, işıqlandırmalar dəyişdirilib, beynəlxalq tədbirlər keçirilib".

Vəkil deyib ki, 2023-cü ilə qədər büdcə artığı 2 milyon, büdcədənkənar hesab isə 1 milyon manatdan çox olub: "Mənfəət artımı 22 faiz təşkil edib. Bunlar cinayət əlamətləri deyil, uğurun nəticələridir. 2021-ci ildən 2023-cü ilə qədər ittiham tərəfi təxminən 3 milyon 188 min manat uyğunsuzluq hesablayıb. Ancaq rəsmi hesabatlarda 1 faiz daxilində uyğunsuzluq var. İstənilən böyük təşkilatın mühasibat şöbəsində bu, planla faktiki rəqəmlər arasında təbii uyğunsuzluqdur.".

Vəkilin sözlərinə görə, Hesablama Palatasının hesabatında qeyd olunur ki, Dənizkənarı Bulvar İdarəsi suvarma üçün “Azərsu”dan aldığı suyun əvəzinə duzsuzlaşdırılmış dəniz suyundan istifadə edə bilərdi: "Guya bununla 800 min manata qənaət olunardı. Hörmətli məhkəmə, bu, texniki cəhətdən mümkün deyil. Düşünürsünüz ki, Bulvar İdarəsi dəniz suyunu duzsuzlaşdırma sistemi yaratmağa borcludur, halbuki bütöv bir nazirliyin belə bir sistem qurması sual altındadır.

Növbəti 10-cu iddia da heç də az müəmmalı deyil: bulvarın köhnə hissəsində yerləşən dörd restoran bir tullantı su nasosuna qoşulub və bunun nəticəsində guya 2600 manat artıq elektrik xərci çıxıb. Bəs, auditorların fikrincə, nə edilməli idi? 2600 manata qənaət etmək üçün kanalizasiyanı birbaşa dənizə, yaxud bulvara axıtmaq lazım idi?"

Vəkil çıxışının sonunda maliyyə hesabatları, ekspertiza rəyləri və digər bəzi sənədləri məhkəməyə təqdim edib. O, həmin sənədlərin cinayət işinə əlavə olunmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib və həmin sənədlər işə əlavə olunub.

Növbəti proses noyabrın 3-də davam edəcək.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəməkdə təqsirli biliniblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.

Seçilən
43
1
teleqraf.com

2Mənbələr