Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Çukurova Universitetinin birgə təşkilatçılığı ilə 20–23 oktyabr 2025-ci il tarixlərində Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “V Beynəlxalq Kənd Təsərrüfatı və Qida Texnologiyalarının Tədqiqi Konfransının (I-CRAFT 2025)” açılış mərasimi baş tutub.
"Unikal" xəbər verir ki, beynəlxalq konfransın məqsədi kənd təsərrüfatı və qida texnologiyaları sahəsində aparılan elmi tədqiqatların müzakirəsi, innovativ yanaşmaların təşviqi və aqrar elmdə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Beynəlxalq konfransda əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Dövlət Himni səsləndirilib.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov çıxış edərək qonaqları salamlayıb, beynəlxalq konfrans barədə məlumat verib. O qeyd edib ki, ADAU-nun ev sahibliyi etdiyi bu mötəbər beynəlxalq elmi tədbir aqrar sahədə bilik və təcrübə mübadiləsinin təşkili, innovativ yanaşmaların paylaşılması və gələcək əməkdaşlıq üçün mühüm platformadır.
Rektor vurğulayıb ki, I-CRAFT 2025 beynəlxalq konfransı yalnız elmi bilik mübadiləsi üçün deyil, həm də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq aqrar sahədə innovativ həllərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq müstəvisidir.
Zəfər Qurbanov çıxışında həmçinin ADAU-nun son illərdə əldə etdiyi nailiyyətlərdən bəhs edib. O bildirib ki, ADAU-nun Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramı artıq regionda uğurlu model kimi tanınır və Təhsildə Keyfiyyətin Təminatı Agentliyi tərəfindən 5 il müddətinə akkreditasiya olunub. Eyni zamanda, Almaniyanın ASIIN institutu tərəfindən universitetin “Menecment” ixtisaslaşmasının beynəlxalq akkreditasiyası ADAU-nun Avropa təhsil məkanında tanınmasını təsdiqləyir.
“Dünya dəyişir, çağırışlar böyüyür, lakin elm və əməkdaşlıq bu çağırışlara cavab verməyin yeganə yoludur. İnanıram ki, I-CRAFT 2025 Beynəlxalq konfransı yeni ideyaların, ortaq təşəbbüslərin və dayanıqlı həllərin başlanğıc nöqtəsinə çevriləcək. Gəlin, bilik, məsuliyyət və innovasiya ilə birləşərək gələcək nəsillər üçün daha ədalətli, məhsuldar və yaşıl bir dünya quraq,” – deyə rektor çıxışını yekunlaşdırıb.
Sonra ADAU-nun tanıtım videoçarxı nümayiş etdirilib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək şəhərin elmi və innovativ tədbirlərin mərkəzinə çevrilməsindən məmnunluq ifadə edib. O qeyd edib ki, Gəncə Azərbaycanın aqrar potensialının və təhsil mühitinin inkişafında mühüm yer tutur. Belə beynəlxalq konfransların keçirilməsi şəhərin elmi imicini gücləndirir, həmçinin gənc tədqiqatçılara öz potensiallarını nümayiş etdirmək üçün geniş imkanlar yaradır.
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunması dövlətin strateji prioritetlərindən biridir. O, bu kimi beynəlxalq elmi konfransların innovativ texnologiyaların istehsalata inteqrasiyasına və kənd təsərrüfatı siyasətinin elmi əsaslarla formalaşdırılmasına mühüm töhfə verdiyini vurğulayıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədəli çıxışında ölkəmizdə ali təhsil sistemində beynəlxalq elmi əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. O vurğulayıb ki, tədqiqat yönümlü tədrisin inkişafı prioritet istiqamətlərdən biridir və ADAU kimi ixtisaslaşmış ali təhsil müəssisələrinin beynəlxalq tədbirlərdə fəal iştirakı ölkəmizin elmi brendinin formalaşmasında mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxışında aqrar inkişafın yalnız iqtisadi deyil, həm də sosial sabitlik və məşğulluq baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, kənd yerlərində sosial rifahın artırılması, gənclərin aqrar sahəyə cəlbi və gender bərabərliyinin təmin olunması elmi əsaslı siyasət qərarlarının tətbiqindən asılıdır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin rəhbəri və FAO Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Muhamməd Nasar Hayat çıxış edərək FAO-nun Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verib. O qeyd edib ki, kənd təsərrüfatında dayanıqlı inkişaf üçün elmi biliklərə əsaslanan siyasət və innovativ texnologiyaların tətbiqi vacibdir. FAO ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq regionda ərzaq təhlükəsizliyinə və ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir.
Türkiyənin Ege Universitetinin rektoru Nəcdət Budak çıxışında elmin və innovasiyanın kənd təsərrüfatının modernləşdirilməsində həlledici rol oynadığını qeyd edib. O bildirib ki, Ege Universiteti ilə ADAU arasında mövcud əməkdaşlıq elmi mübadilə və ortaq layihələr vasitəsilə hər iki ölkənin aqrar elminə yeni töhfələr verir.
Çıxışlardan sonra Macarıstan Respublikasının Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin rektoru Ksaba Quruça və Türkiyənin Çukurova Universitetinin rektoru Hamit Emrah Berişin konfransa videomüraciəti nümayiş olunub.
Daha sonra elmi məruzələr və panel müzakirələr keçirilib, həmçinin iştirakçılar arasında beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində danışıqlar aparılıb.
Qeyd edək ki, beynəlxalq konfransın ikinci günündə bölmə iclasları keçiriləcək, üçüncü günündə isə iştirakçıların Şuşa-Xankəndi səfəri ilə başa çatacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta