Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) sağlamlıq və əməyin mühafizəsi sahəsində növbəti mühüm addım ataraq, şirkət tarixində ilk dəfə “İşin icrasına icazə” sistemini elektron formada tətbiq etməyə başlayıb.
Neft Şirkətinin məlumatına görə, bu yenilik istehsalat obyektlərində təhlükəsizliyin daha səmərəli təşkilinə və əməliyyat intizamının gücləndirilməsinə imkan verəcək. Yeni elektron sistem işin planlaşdırılması, risklərin qiymətləndirilməsi və icra prosesinin izlənilməsi mərhələlərini vahid rəqəmsal platformada birləşdirir. Bu, təhlükəsizlik tələblərinin tam yerinə yetirilməsinə, resursların səmərəli istifadəsinə və qərarvermə proseslərinin operativliyinə imkan yaradır.
“İşin icrasına icazə” sistemi elektron formada ilk olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və qazçıxarma idarəsində tətbiq edilib. Layihə işə nəzarət prinsiplərinə əsaslanır və bütün əməliyyatların koordinasiyalı, nəzarət altında və müəyyən olunmuş qaydalar çərçivəsində icrasını təmin edir.