AZ

Putin Ramiz Mehdiyev məsələsi ilə Azərbaycanda nüfuzunun dərin olduğuna işarə etdi - Rəy

Yazını böyüt
Yazını kiçilt

"Düşənbədə Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşündə Putinin Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı səsləndirdiyi açıqlamaya İlham Əliyevin protokol daxilində formal xarakterli, soyuq və qısa reaksiyası bu kontekstdə onu deməyə əsas verir ki, Azərbaycanı hələ də qane etməyən məsələlər mövcuddur".

Bunu Hafta.az-a açıqlamasında siyasi ekspert Vüqar Dadaşov bildirib. Onun sözlərinə görə, bu məsələlərin tam şəkildə həlli mümkün olmadığı halda ikitərəfli münasibətlərin normallaşmasına ümid etmək olmaz.

Ekspert qeyd edib ki, görüşdən sonra Putinin verdiyi açıqlamalar isə özlüyündə çoxlu suallar doğurur:

"Prezident Putin Azərbaycan-Rusiya arasındakı gərginliyi “emosional krizis” adlandırır və gərginliyin siyasi böhranla əlaqəsinin olmadığını göstərməyə çalışırdı. Əslində, bu, ideoloji qarşıdurmanın əlamətidir. Rusiya və Azərbaycan arasında bərabərhüquqlu əməkdaşlığın mümkünsüzlüyünü Putin elə Düşənbədə görüşdən sonra çıxışında Azərbaycanı “rusdilli ölkə” adlandırması ilə sübut etdi. Bu yanaşma, əlbəttə ki, Rusiyanın Azərbaycana mədəni-humanitar münasibət deyil, əksinə, siyasi hegemonluq iddiasının açıq təzahürüdür.

Araşdırmalar göstərir ki, Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik konkret ideoloji və psixoloji əsaslara söykənir. Azərbaycan 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatlarından sonra regionun aparıcı dövləti kimi qəbul edilməsi və Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində münasibətlərin qurulmasının zərurəti ortadadır. Ancaq Rusiya heç bir halda Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmir və buna nə siyasi, nə də psixoloji iradəsi yoxdur. Ona görə də Rusiya-Azərbaycan münasibətlərinin əsaslı normallaşması və inkişafı mümkün deyil. Yəni qarşılıqlı etimad hələ real görünmür. Münasibətlər o halda bərabərhüquqlu tərəfdaşlıq səviyyəsinə yüksələ bilər ki, Rusiya öz dövlət quruluşundakı imperialist düşüncədən və şovinist baxışlardan əl çəksin. Bu isə təəssüf ki, mümkün deyil".

V.Dadaşovun qənaətinə görə, Rusiya ilə Azərbaycan arasında müşahidə olunan gərginlik əslində ideoloji qarşıdurmadır və bu qarşıdurmanın yaratdığı problemlərin siyasi-diplomatik prizmadan səthi həlli lazımi effekti verə bilməz. Ekspertin fikrincə, Rusiya-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün Moskva siyasi kursunda köklü ideoloji dəyişikliklərə getməlidir:

"Ümumiyyətlə, Rusiya Çar Rusiyası dövründən etibarən xalqların assimilyasiyası və ruslaşdırılması siyasəti yeridir və bunda dil faktorundan məharətlə istifadə edib. İnkaredilməz faktdır ki, “rus dili” reallığı Rusiyanın siyasi və hərbi vasitəsi, bəhanəsi kimi xarici dövlətlərə və xalqlara təzyiq aləti olaraq tətbiq olunur. SSRİ dağılandan sonra Rusiya məhz “rusdilli əhalinin müdafiəsi” adı altında Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiyasını işğal etdi və taktiki olaraq bu əraziləri Rusiyanın əyalətlərinə çevirdi. Hazırda da Rusiya Ukraynadakı işğalçı müharibəsini eyni ideoloji bəhanə ilə - “rusdilli əhalinin müdafiəsi” adı altında həyata keçirir. 2020-ci ildə Rusiya Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini əngəlləmək məqsədilə Qarabağa rus “sülhməramlılarını” yerləşdirdikdən sonra Xankəndində “rus icması”nın yaradılmasına, əhaliyə rus pasportlarının paylanmasına və “rus dilinin” rəsmi tətbiqinə başladı. Bəlli idi ki, Rusiya Azərbaycanda da Qarabağda “rusdilli əhalinin müdafiəsi”nə hazırlıq edir".

Siyasi ekspert vurğulayıb ki, Azərbaycanla barışmaq istəyi Rusiya üçün zərurətdən qaynaqlanır.

"Ukraynadakı müharibə ilə Çin, İran və Şimali Koreyadan asılılığı dərinləşən Rusiya üçün Azərbaycan və Türkiyənin rolu balansı qorumaq baxımından olduqca əhəmiyyətlidir. Ən əsası isə Rusiyanın Cənubi Qafqazda mövcudluğu üçün regionun söz sahibi Azərbaycanla münasibətlər həlledici qüvvədədir. Ancaq Putin hələ ki, məhz Düşənbədəki görüşündə Azərbaycan daxilində mövcud hakimiyyətə qarşı “dövlət çevrilişi”nə hazırlaşan PA-nın sabiq rəhbəri, “Rusiya adamı” Ramiz Mehdiyev haqqında dosyeni ötürməklə, bir növ Azərbaycana sədaqətini göstərərək münasibətlərdə səmimiyyətini nümayiş etdirməyə çalışır. Ancaq bu “xoş niyyət”in arxasında Rusiya həm də dünyaya, Azərbaycanda “dövlət çevrilişi” cəhdinin, daxili qeyri - sabitliyin və ölkə daxilində nüfuzunun dərin olduğuna işarə edərək, bir növ Qərbin Azərbaycanla münasibətlərinə sədd çəkmək məqsədini güdür. Putin hələ ki, psixoloji gedişi ilə münasibətləri istədiyi ritmə qaytara biləcəyini düşünür", - deyə ekspert bildirib.

Seçilən
85
26
hafta.az

10Mənbələr