Mobil operator yardıma ehtiyacı olan qadınlara dəstəyini davam etdirir
Azercell Telekomun dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti” (QDX) 2025-ci ilin iyul-sentyabr ayları ərzində ümumilikdə 1094 müraciət qəbul edib.
Müraciətlər arasında psixoloji dəstək (366), hüquqi yardım (181), məişət zorakılığı halları (130) və boşanma prosesində yaşanan çətinliklərlə (116) əlaqədar sorğular üstünlük təşkil edib. Eyni zamanda, sığınacaq təminatı (76), təhsil məsələləri (69), sosial və maddi rifah problemləri (44) və səhiyyə hüquqlarının təmin olunması (14) ilə bağlı sorğular cavablandırılıb. Digər müraciətlər (98) isə ümumi xarakterli sualları, xidmət haqqında məlumat sorğularını və müxtəlif istiqamətli mövzuları əhatə edib.
Hesabat dövründə xidmətin psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarət peşəkar komandası müraciətçilərlə fərdi şəkildə görüşərək onların ehtiyaclarına uyğun dəstək göstərib. Zəruri hallarda qadınlar hüquqi məsləhət, tibbi yardım və sosial müdafiə imkanlarından yararlanmaq üçün müvafiq dövlət qurumlarına, reabilitasiya mərkəzlərinə və sığınacaqlara yönləndirilib.
 
                        