Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri Azərbaycanın humanitar diplomatiya konsepsiyasını praktik layihələr, institusional tərəfdaşlıqlar və yüksək səviyyəli dialoqlar vasitəsilə dünyaya nümayiş etdirdi.
Səfərin mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpasının açılışı dayanırdı. Bu mərasim təkcə arxeoloji-mədəni hadisə deyil, həm də uzun illərə söykənən etimadın və sistemli əməkdaşlığın rəmzidir. Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının rəhbərliyi səviyyəsində ifadə olunan minnətdarlıq, eləcə də kardinal Canfranko Ravazinin “illərlə formalaşan səmimi dostluq” vurğusu bu münasibətlərin şəxsi etimad ölçüsünə qədər dərinləşdiyini göstərir.