Ənənəvi olaraq hər il olduğu kimi cari ildə də Maliyyə Nazirliyi fiskal orqan olaraq ölkənin ortamüddətli və uzunmüddətli dövrdə qarşılaşacağı müxtəlif sosial-iqtisadi, humanitar və fiskal riskləri öz təhlillərinə daxil edir və bu risklərin uzunmüddətli perspektivdə qarşısının alınması üçün baxışlarını təqdim edir.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlik tərəfindən dərc olunmuş “Ortamüddətli Xərclər Çərçivəsi” sənədinin orta və uzunmüddətli risklərin qiymətləndirilməsi bölməsində qeyd edildiyi kimi, hazırda ölkəmizdə ortamüddətli dövrdə fiskal dayanıqlıq, o cümlədən pensiya sisteminin maliyyə dayanıqlılığında vəziyyət qənaətbəxşdir və hər hansı risk əlamətləri müşahidə olunmur.
“Ortamüddətli Xərclər Çərçivəsi” sənədinin əhatə etdiyi 2026-2029-cu illərdə hökumətin qarşısında duran əsas və prioritet vəzifələrdən biri ölkə əhalisinin sosial rifahının yüksəldilməsi və həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması olacaq və bu məsələ daimi nəzarətdə qalacaq.