AZ

Sürücü və sərnişin birgə təhlükəsizliyi təmin etməlidir EKSPERT FİKRİ

Sia Az saytına istinadən ain.az xəbər verir.

“Müasir dövrdə sərnişindaşımada təhlükəsizliyin təmin olunması təkcə sürücünün peşəkarlığı ilə deyil, həm də sərnişinlərin davranış qaydalarına əməl etməsi ilə sıx bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Rövşən Həsənov deyib.

O bildirib ki, sürücü nəqliyyat vasitəsini idarə etməklə yanaşı, həm yol hərəkəti vəziyyətinə, həm də nəqliyyat vasitəsinin daxilində və xaricində təhlükəsizliyin qorunmasına məsul şəxsdir: "Bu məsuliyyət onun fəaliyyətinin əsasını təşkil edir və sürücüdən daim diqqət, səbir və məsuliyyət tələb edir. Sərnişinlərin davranışı bu prosesdə mühüm rol oynayır. Avtobus, mikroavtobus və ya digər ictimai nəqliyyat vasitəsində yüksək səslə danışmaq, musiqi dinləmək və ya səs-küy yaratmaq sürücünün diqqətini yayındıraraq yol hərəkətinin təhlükəsizliyinə birbaşa təsir göstərir. Unutmaq olmaz ki, sükan arxasında olan şəxs bəzən uzun müddət hərəkətdə olur, tıxaclı və gərgin vəziyyətlərdə belə maksimum diqqət sərf etməlidir. Hər hansı səs-küy və ya emosional davranış onun diqqətini yayındıraraq qəza riskini artırır. Buna görə də sərnişinlərdən tələb olunur ki, ictimai nəqliyyatda sakitliyə riayət etsinlər, sürücünü lazımsız söhbətlərlə məşğul etməsinlər və dayanacaqdan kənarda nəqliyyat vasitəsinin saxlanılmasını tələb etməsinlər. Bu qaydalara əməl etmək yalnız sürücünün deyil, həm də bütün sərnişinlərin təhlükəsizliyinə xidmət edir. Eyni zamanda, sürücü də öz fəaliyyətində müəyyən etik və peşə prinsiplərinə riayət etməlidir. Onun əsas vəzifəsi sərnişinləri A nöqtəsindən B nöqtəsinə təhlükəsiz, rahat və məsuliyyətli şəkildə çatdırmaqdır. Bu prosesdə qarşılıqlı anlayış və qarşılıqlı hörmət prinsipi həm sürücü, həm də sərnişinlər üçün əsas qaydadır.

Nəticə etibarilə ictimai nəqliyyatda qaydalara əməl edilməsi, sakitliyin və qarşılıqlı mədəni münasibətin qorunması nəqliyyat sisteminin təhlükəsiz və səmərəli fəaliyyətinin vacib şərtidir. Hər bir sərnişin və hər bir sürücü bu sistemin bir parçasıdır və onların davranışı cəmiyyətin ümumi təhlükəsizlik mədəniyyətini formalaşdırır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
sia.az

2Mənbələr