Qanunsuz olaraq orden və medallar hazırlayaraq çoxsaylı şəxslərə təqdim edən Qeyri-Hökumət Təşkilatlarının (QHT) vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Publika.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən bəzi Qeyri-Hökumət Təşkilatları tərəfindən qanunsuz olaraq müxtəlif adda orden və medallar təsis edilərək ayrı-ayrı şəxslərə verilməsi faktları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Həyata keçirilən tədbirlərlə ayrı-ayrı qeyri-hökumət təşkilatları, o cümlədən "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri", "Azərbaycan Vətən Müharibəsi Veteranları", "Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi", "Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı", "Qarabağ Əlillərinə Qayğı", "Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birlikləri, "Beynəlmiləlçi Əlil Döyüşçülər" və "Dədə Qorqud Xeyriyyə" Fondları, habelə digər qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin öz vəzifə səlahiyyətlərini aşmalarına əsaslı şübhələr müəyyən edilib.
Belə ki, qanunvericiliyə, o cümlədən "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna uyğun olaraq orden və medalların vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifi olması, digər normativ hüquqi aktlarda orden və medalların (o cümlədən orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis olunmasının qadağan olunması, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanuna uyğun olaraq isə qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinin yolverilməz olmasının təsbit edilməsinə baxmayaraq, sözügedən qeyri-hökümət təşkilatlarının vəzifəli şəxsləri vəzifə səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxmaqla qanunsuz olaraq müxtəlif adda çoxsaylı orden, medal və döş nişanları təsis ediblər.