AZ

Azərbaycanda böcəklər kəndlərə daraşdı - Sakinlər çətin durumda - FOTO

Qəhvəyi mərmər bağacığı böcəklərinin Balakən və Zaqatala rayonlarında geniş yayılması son zamanlar sakinlərin ciddi narahatlığına səbəb olub. Bu barədə bir neçə dəfə məlumat hazırlamışıq və sakinlərin müraciətləri əsasında bu məsələnin ciddiliyini aidiyyəti qurumların diqqətinə çatdırmışıq.

Day.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu dəfə isə Zaqatalanın Əliabad qəsəbəsi və ona yaxın Yengiyan, Mosul, Kəpənəkçi kəndlərində vəziyyəti araşdırdıq. Əliabad qəsəbəsinə daxil olan kimi, yolun kənarında maşını saxladıq və sakinlərlə söhbət etdik. Onlar bildirdilər ki, artıq bir neçə ildir ki, bu böcək problemi mövcuddur və payız aylarında evlərə hücumları daha da artıb. Bunun səbəbi isə bağacıq böcəklərinin qışlamaq üçün isti yerlərə sığınmasıdır.

Yengiyan kəndinin sakini Nargül Qurbanova isə bu problemi daha dərindən izah edir: "Bu böcəklərin qoxusundan və təhlükəsindən çox adam xəstəxanalıq oldu, həftələrlə şişlər keçmir, allergiyası olanlar var. Deyirlər, təmizləyin, tozsoranla yığın, amma nə yazıq ki, texnikanın gücü buna çatmır." Həqiqətən də, bu zərərvericilərin bölgədə geniş yayılması, xüsusən də Əliabad, Yengiyan, Mosul və Kəpənəkçi kimi kəndlərdə böyük narahatlıq yaradır. Sakinlər, bağacıq böcəklərinin evlərinə, binalarına və təsərrüfatlarına hücum etməsi ilə bağlı şikayət edirlər.

Sakinlər bu böcəklərlə mübarizə üçün mexaniki üsullardan istifadə edərək tozsoranla təmizləmə işləri aparırlar, amma bunlar çox effektiv olmur. Bir çox ev sahibləri bitki mühafizə mərkəzinə müraciət edərək, yardımlarını gözləyirlər.

Şaiq Əlixanov adlı kənd sakini bizi öz həyətindəki vəziyyətlə tanış etdi. O, bir saat əvvəl təmizlənmiş olan ərazidə təkrar olaraq onlarla bağacıq böceyi tapdı. "Bir saat əvvəl təmizləmişdik, amma baxın, yenə də bu qədər bağacıq buradadır", - deyə o bildirir. Şaiq müəllim, divarlara, pəncərələrə, çardaq sahələrinə minlərlə bağacıq böceyinin hücum etdiyini və qısa müddətdə evə daxil olaraq otaqlara da keçdiklərini əlavə edir.

Bundan əlavə, sakinlər bağacıq böcəklərinin meyvə və fındıq bağlarında da qışladığını və yaz aylarında bu zərərvericilərin digər tikililərə hücum etdiyini söyləyirlər. Bu, bölgədəki kənd təsərrüfatını da təhdid edən ciddi bir vəziyyətə çevrilib.

Qəhvəyi mərmər bağacığı ilə bağlı ilk araşdırmalar nəticəsində məlum olub ki, bu zərərverici Gürcüstandan gəlib və əsasən Balakən və Zaqatala rayonlarına yayıldı. Qəhvəyi mərmər bağacığı, qalxanlılara aid olan və bitkilərə zərər vuran bir növ zərərvericidir. Bu böcək 200-dən artıq bitki növünə ziyan vurur və efir yağı tərkibli toksid maddə buraxır. Bu səbəbdən də, yerli sakinlərə bu böcəklərlə mübarizənin nə qədər vacib olduğu vurğulanır.

Məsələ ilə əlaqədar olaraq, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri bu bölgələrdə müşahidə aparır və mübarizə tədbirləri həyata keçirirlər. Lakin sakinlərlə aparılan söhbətlərdən aydın olur ki, bu tədbirlər hələlik istənilən nəticəni verməyib. Həm mexaniki, həm də kimyəvi mübarizə üsulları, görünən nəticə baxımından hələlik kifayət qədər təsirli olmamışdır.

Mütəxəssislər bildirirlər ki, hazırda rayonlarda qəhvəyi mərmər bağacığının qışlama yerlərində müşahidə işləri davam etdirilir. Eyni zamanda, yerli əhali maarifləndirilir və müraciətlər əsasında bölgələrdə kimyəvi mübarizə tədbirləri gücləndirilir. Lakin problem hələ də ciddi qalır və bununla bağlı daha intensiv və genişmiqyaslı tədbirlərin görülməsi tələb olunur.

  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
Seçilən
70
day.az

1Mənbələr