AZ

"Beşinci kolon"un ifşası: Ramiz Mehdiyev şəbəkəsi barədə cinayət işi – ÖZƏL

"Azərbaycanda siyasi həyatda "beşinci kolon"un mövcudluğu uzun müddətdir bilinir. Yəni, xarici dövlətlərlə əlaqəsi olan müəyyən qrupların siyasi hakimiyyət içərisində fəaliyyət göstərməsi əvvəllər də mətbuatda dəfələrlə yazılmış, müxtəlif şəxslərin açıqlamalarında bu barədə fikirlər səsləndirilmişdi. Belə qruplar digər ölkələrdə də olur, lakin Azərbaycan dövləti bu xəyanətkar şəbəkənin   fəaliyyətinin genişlənməsinin qarşısını ala bildi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, bu, ilk növbədə Prezident İlham Əliyevin güclü siyasi liderliyi və Azərbaycanın təhlükəsizlik orqanlarının peşəkar fəaliyyəti sayəsində mümkün olub. Nəticədə, dövlətə qarşı fəaliyyət göstərən, xarici maraqlara xidmət edən bu cür qrupların qarşısı alındı və onlar ifşa edildi. Məlumata görə, Ramiz Mehdiyevin rəhbərlik etdiyi qrupla bağlı istintaq prosesi başlanıb və ona qarşı ciddi maddələrlə cinayət işi açılıb. Böyük ehtimalla bu cinayət işi çərçivəsində həmin qrupun digər üzvləri də ifşa ediləcək. Bu, illərdir cəmiyyətdə haqqında danışılan xəyanətkar qrupun ifşa olunması ilə nəticələnə biləcək mühüm bir prosesdir. Mən hesab edirəm ki, bu hadisə Azərbaycan dövlətinin sağlamlaşdırılması prosesinin tərkib hissəsidir və ölkənin inkişafına böyük töhfə verəcək.

Siyasi şərhçi qeyd edib ki, ümumilikdə dövlətə qarşı xəyanət yolunu tutan, Azərbaycanın inkişafına mane olan, şəxsi və ya xarici maraqları milli maraqlardan üstün tutan hər kəs qanun qarşısında cavab verməlidir. Görünür ki, artıq heç kəs toxunulmaz deyil. Uzun illər dövlət vəzifəsində çalışmış şəxslər belə, əgər cinayətə bulaşıblarsa, məsuliyyətdən yayınmayacaqlar.

"Hazırda genişmiqyaslı və hərtərəfli istintaq aparılır. Bu istintaq çərçivəsində uzun müddət adı hallanan Ramiz Mehdiyevin istintaqa cəlb olunması mühüm hadisədir. Bundan sonra da dövlətin sağlamlaşdırılması və iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində geniş tədbirlərin görüləcəyi gözlənilir", - deyə ekspert əlavə edib. 

Siyasi şərhçi bildirib ki, iqtisadi cinayətlərdə adı hallanan Adnan Əhmədzadənin, ardınca isə siyasi xəyanətlə bağlı Ramiz Mehdiyevin istintaqa cəlb olunması Azərbaycanın ümumi mənada sağlamlaşma prosesinin göstəricisidir. Azərbaycan artıq güclü inkişaf yoluna qədəm qoymuş, suverenliyini tam bərpa etmiş və heç bir ölkədən asılı olmayan bir dövlətdir. Hər hansı xarici dövlətin maraqlarına xidmət edən qrupların Azərbaycanda fəaliyyətinə bundan sonra da imkan verilməyəcək. Azərbaycan xalqı bu prosesi dəstəkləyir və dövlətin güclənməsi naminə yürüdülən siyasəti sonadək müdafiə edəcək.

Ekspert sonda qeyd edib ki, bu qrupların ifşa olunması və dövlətin daxilində sağlam, şəffaf mühitin formalaşdırılması Azərbaycanın gələcək inkişafına mühüm töhfə verəcəkdir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr