AZ

Ramiz Mehdiyevin çevrəsi və yaxınları təlaş içində: hamı mülklərini, torpaqlarını satışa çıxardı – notariuslara tapşırıq gəldi

İstintaq orqanları sabiq Prezident Administrasiyası rəhbəri, akademik Ramiz Mehdiyev və onun yaxın ətrafı ilə bağlı yeni məhdudlaşdırıcı addımlar atıb.

Musavat.com xəbər verir ki, məlumata görə, notariuslara (qeyri-rəsmi) göstəriş göndərilib ki, Mehdiyevə və onun ailə üzvlərinə, eləcə də yaxın çevrəsinə aid mülklərin, torpaq sahələrinin, villaların və digər daşınmaz əmlakların satışına və ya bağışlanmasına icazə verilməsin.

Bu qərar Mehdiyev barəsində aparılan cinayət işi çərçivəsində əmlak qaçırma ehtimalının qarşısını almaq məqsədi daşıyır.

Təlaş və gizli satış cəhdləri

Mənbələr bildirirlər ki, son 2 gündə Ramiz Mehdiyevin yaxın ətrafında ciddi narahatlıq hökm sürür. Onun ailə üzvləri və illərlə “köhnə komandasında” yer alan şəxslər, məmurlar və iş adamları özlırinin və birinci dərəcədən yaxınlarının adlarına olan mülkləri, torpaqları və obyektləri total və panik şəkildə satışa çıxarmağa başlayıblar.

Xüsusilə Bakı, Abşeron, Novxanı, Mərdəkan və Şüvəlan ərazilərində Mehdiyevə yaxın şəxslərə məxsus villaların, torpaq sahələrinin satış cəhdləri artıb. Bəzi hallarda əmlakların qiyməti bazardan 30–40 faiz aşağı göstərilir ki, “tez satılsın”.

Lakin notariuslara daxil olan göstərişdən sonra bu əməliyyatların hamısı dayandırılıb. Mehdiyevlərin bu sərvətləri cinayət və başqa qanunsuz yollarla əldə etməsinə dair istintaqda ciddi şübhələr var.

Musavat.com-da olan məlumata görə, istintaq orqanları Mehdiyevin və ailəsinin gəlir mənbələrini, o cümlədən illərlə topladığı daşınmaz əmlakların mənşəyini araşdırır.

Məhdudiyyətlər yalnız Mehdiyevin şəxsi əmlaklarına deyil, onun maliyyə və təsir dairəsində olan şəxslərin mülklərinə də şamil edilir.

Bax: Mehdiyevin sərvətləri (https://musavat.com/news/hebs-edilen-ramiz-mehdiyevin-milyardlari-uze-cixir-siyahi_1208816.html)

Bəzi mənbələr onun ətrafının artıq “panik vəziyyətdə” olduğunu, hətta bəzi mülklərin təhlükəsiz şəxs adlarına keçirmək üçün gizli planlar qurduğunu bildirir.

Hüquq ekspertləri hesab edirlər ki, bu addım istintaqın ilkin təhlükəsizlik tədbiri xarakteri daşıyır.
Əgər Mehdiyev barəsindəki ittihamlar sübuta yetirilərsə, növbəti mərhələdə həmin əmlakların üzərinə məhkəmə qərarı ilə həbs qoyula bilər.

Ekspertlər bunu həm də “keçmiş oliqarx sisteminin tam nəzarət altına alınması” kimi qiymətləndirirlər.

Ramiz Mehdiyev və yaxınlarının indi yaşadığı təlaş, bir vaxtlar onun “toxunulmaz çevrəsinin” dağılmağa başladığını göstərir.
Bir vaxtlar dövlətin ən yüksək pillələrindən idarə edən adam indi özünün idarə etdiyi sistemin nəzarəti altına düşüb.

Musavat.com

Seçilən
19
3
musavat.com

4Mənbələr