AZ

Azər Allahverənov: “15 oktyabr xalqın etimadının, milli birliyin və dövlətçiliyin sarsılmaz təməlini simvolizə edir”

15 oktyabr – Azərbaycan tarixində dönüş nöqtəsi: Azər Allahverənov Prezident İlham Əliyevin 22 illik fəaliyyətini dəyərləndirdi.

QHT.az xəbər verir ki, Milli Məclisin deputatı Azər Allahverənov 15 oktyabr tarixi ilə bağlı açıqlamasında bildirib ki, bu gün Azərbaycan tarixində dönüş nöqtəsi sayılan bir gündür. Deputat qeyd edib ki, 2003-cü ilin məhz bu günündə keçirilən prezident seçkilərində xalqın böyük etimadını qazanaraq İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi:

“Bu seçim təkcə yeni bir prezidentin hakimiyyətə gəlməsi deyildi bu, xalqın öz gələcəyinə, sabitliyə və inkişaf yoluna inamının ifadəsi idi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti bu gün də öz layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Onun rəhbərliyi ilə Azərbaycan böyük dəyişikliklər və yeniləşmə dövrünə qədəm qoydu. İqtisadi islahatlar, infrastruktur layihələri, ordu quruculuğu, sosial rifahın yüksəlməsi bütün bu sahələrdə qazanılan nəticələr ölkəmizin dinamik inkişafının göstəricisidir. Ən önəmlisi isə, 30 ilə yaxın müddətdə işğal altında olan doğma Qarabağ torpaqlarımız azad edildi. Prezident İlham Əliyevin dəmir iradəsi, müdrik siyasəti və ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyünü təmin etdi və milli qürurumuzu öz xalqına qaytardı.”

Deputat bildirib ki, bu Zəfər 2003-cü ildən etibarən atılan möhkəm siyasi və hərbi addımların məntiqi nəticəsi olub. O, həmçinin qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın xarici əlaqələrini yeni səviyyəyə qaldırıb:

“Azərbaycan bu gün beynəlxalq arenada etibarlı tərəfdaş, sülh və əməkdaşlıq siyasəti yürüdən nüfuzlu bir dövlət kimi tanınır. Qlobal enerji layihələri, diplomatik təşəbbüslər və regional əməkdaşlıq formatları bütün bunlar müasir Azərbaycanın imicini formalaşdıran əsas istiqamətlərdir. Bu gün, o tarixi gündən 22 il sonra, Azərbaycan xalqı qürurla deyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha güclü, daha müstəqil və daha nüfuzlu dövlətdir.15 oktyabr xalqın etimadının, milli birliyin və dövlətçiliyin sarsılmaz təməlini simvolizə edən bir gündür".

 

Pərvanə Fərhadqızı

Seçilən
105
qht.az

1Mənbələr