AZ

Elçin Yusubov: “Kərkicahana köçlə bağlı işlər görülür”

“III Milli Şəhərsalma Forumunun Xankəndidə keçirilməsi regionda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, müasir şəhərsalma prinsiplərinin tətbiqinin və dayanıqlı inkişafın nümayişidir”.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, bunu Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

O bildirib ki, bu forum, eyni zamanda, beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini bir daha göstərir:

“Bu, sadəcə bir forum deyil, bu, azad edilmiş torpaqlarımızda yenidənqurmanın, bərpanın və inkişafın simvoludur. Xankəndi şəhəri Azərbaycanın gələcəyinin modeli kimi formalaşır, burada həyata keçirilən layihələr insan mərkəzli inkişaf və ekoloji tarazlıq prinsiplərinə əsaslanır.

Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində 19 yaşayış məntəqəsinə, o cümlədən Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Ağdərə rayonunun 7 kəndinə və Xocalı rayonunun 11 kəndinə əhalinin köçü ilə bağlı işlər görülür. Artıq 22 mindən çox şəxs doğma torpaqlarda məskunlaşıb. Bölgəyə 65 milyon manatdan çox investisiya yatırılıb, fəaliyyətə başlamış obyektlər üzrə 3 mindən artıq şəxs işlə təmin olunub”.

O qeyd edib ki, Xankəndidə keçirilən forum beynəlxalq əməkdaşlıq, “yaşıl enerji” və dayanıqlı inkişaf prinsiplərinin müzakirəsi üçün mühüm platformadır və Qarabağın gələcək inkişafına yeni impuls verəcək.

Xatırladaq ki, bir neçə il əvvəl Azərbaycanın BMT-nin müvafiq ixtisaslaşmış agentliyi – UN-Habitat ilə birgə irəli sürdüyü təşəbbüs əsasında yaradılan bu platforma artıq ənənə halını alıb.

Forum hökumət, özəl sektor, qeyri-hökumət təşkilatları, elmi dairələr, memarlar və mütəxəssislərin bir araya gələrək aktual şəhərsalma mövzularını müzakirə etməsi və həll yolları təqdim etməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ənənəvi olaraq forumun ilk iki toplantısı Ağdam və Zəngilanda keçirilib. Bu il isə tədbir həm Bakıda, həm də Xankəndidə keçirilir.

Seçilən
45
14
cebheinfo.az

10Mənbələr