AZ

Məhkəmə hakimiyyəti və digər dövlət orqanları

Oktyabrın 14-də Bakı Konqres Mərkəzində Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda beynəlxalq konfrans təşkil olunub.

Tədbirdə dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə - hakimlər, vəkillər, hökumət rəsmiləri və beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də tanınmış hüquqşünas-ekspertlər iştirak ediblər.

Konfransda Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev çıxış edərək bildirib: “Müasir konstitusion quruluşun fundamental əsaslarından birini dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qollarına ayrılması təşkil edir. Bu amil təmərküzləşmənin və hakimiyyətdən sui-istifadənin qarşısını alan, insan və vətəndaş hüquq və azadlıqlarının, qanunun aliliyinin və demokratiyanın təminatına xidmət edən zəruri şərtdir. Hakimiyyət bölgüsünü təmin edən əsas element isə hər bir hakimiyyət qolunun malik olduğu səlahiyyətlərdir. Hakimiyyətlərin bölgüsü prinsipinə uyğun olaraq, məhkəmə hakimiyyəti müstəqil hakimiyyət qoludur. Məhkəmələr demokratik və hüquqi dövlətlərdə hüquq və azadlıqlarının, cəmiyyətin təməl dəyərlərinin qoruyucusudur".

Ramiz Rzayev vurğulayıb ki, məhkəmə hakimiyyəti əsas tarazlaşdırıcı mexanizm kimi dövlət hakimiyyəti sistemində qanunvericilik və icra hakimiyyətlərinin hüquq çərçivəsində fəaliyyət göstərmələri üçün onların işini istiqamətləndirir, dövlət hakimiyyəti orqanları arasındakı səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri həll edir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında demokratik dövlətdə hakimiyyətlərin bölgüsünü sadəcə bir nəzəriyyə deyil, demokratiyanı canlı saxlayan, təmin edən və vətəndaşları hakimiyyətin bir mərkəzdə təmərküzləşməsindən qoruyan tarazlıq mexanizmi olduğunu deyib.

“Bu gün burada toplaşdığımız üçün söhbət təkcə institutlardan deyil, həm də bizdən – hakimlərdən getməlidir. Hakimiyyət bölgüsünün qorunmasında bizim şəxsi rolumuz nədir? Bizim borclarımız nələrdir? Cəmiyyət bizdən nə gözləyir? Bu baxımdan Azərbaycan bu yolda xeyli irəliləyiş əldə edib. Məhkəmə hakimiyyətinin müstəqilliyinin konstitusion qarantı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində dərin və davamlı islahatlar aparılıb. Bu islahatlar məhkəmələri qanunçuluğun keşikçiləri və ədalət mühakiməsinin yekun hakimi kimi gücləndirib. Məhkəmələr sadəcə hökm çıxaran qurumlara deyil, etimad yaradan təsisatlara çevrilib" – deyə o vurğulayıb.

Avropa İnsan Haqları Məhkəməsinin hakimi Lətif Hüseynov qeyd edib ki, məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər çox aktual, eyni zamanda, mürəkkəb bir mövzudur: "Hakimiyyət bölgüsü bir konsepsiya kimi sadəcə funksiyaların bölgüsü demək deyil, bu, əslində, cəmiyyətin maraqları əsasında məsuliyyətli yanaşmadır. Bu gün artıq bir hakimiyyət qolu digər hakimiyyət qolu arasında heç bir dominant mövqedə ola bilməz. Tarazlıq pozularsa, bu, xüsusilə məhkəmə hakimiyyətinin müstəqilliyinə zərbə vura bilər. Məhkəmə hakimiyyəti digər qollar arasında münasibətləri, dialoq və əməkdaşlığı ehtiva edir. Həmçinin məhkəmə hakimiyyəti hər hansı lazımsız təmaslardan və dövlət təsirindən azad olmalıdır”.

Beynəlxalq Hakimlər Assosiasiyasının Prezidenti Duro Sessa bildirib ki, məhkəmə hakimiyyətinin Avropa üzrə Şurası 2025-ci ildə Riqa Bəyanatı qəbul edib: "Bu çox mühüm və narahatlıq doğuran bir bəyanat idi. Bəyanata əsasən demək olar ki, Avropada qanunun aliliyi prinsiplərinin ciddi şəkildə pozulması ilə bağlı nümunələr var. Bu, çox geniş vüsət alan faktdır. Avropanın bəzi dövlətlərində məhkəmə hakimiyyəti ilə əməkdaşlıq həyata keçirilmir, məsləhətləşmələr aparılmır. Bu da onları zəruri islahatlardan kənarda qoyur. Bir sözlə, Avropada vəziyyət kifayət qədər ciddidir. Biz bunu etiraf etməli və buna qarşı mübarizə aparmalıyıq.

Beynəlxalq Hakimlər Assosiasiyasının Birinci vitse-prezidenti və İbero - Amerika Qrupunun Prezidenti Volter Barone deyib ki, hazırda ispandilli Amerika Qrupunda məhkəmə hakimiyyəti ilə bağlı müstəqillik və əməkdaşlıq həssas balansın saxlanılmasında çətinliklərlə üzləşir: "İspandilli ölkələrdə məhkəmə hakimiyyəti ilə bağlı müşahidə edilən gərginliklər var. Bu dövlətlərin Konstitusiyasında məhkəmə hakimiyyətinin müstəqil qol olduğu qeyd edilir. Nəzəriyyədə üç hakimiyyət qolu ahəngdarlıq əsasında fəaliyyət göstərməlidir. Hər birinin limiti var və buna hörmətlə yanaşılmalıdır. Praktikada ispandilli ölkələrdə məhkəmə hakimiyyəti ən zəif hakimiyyət qoluna çevrilib".

Beynəlxalq Hakimlər Assosiasiyasının vitse-prezidenti və Afrika Qrupunun Prezidenti Marsel Koassi çıxışında Afrika təcrübəsindən danışıb. Bildirib ki, Afrika ölkələrində ədliyyə hakimiyyətinin hesabatı büdcə avtonomluğunu təmin etmiş şəffaf yanaşmanın bariz nümunəsinə çevrilir: "Həmçinin ədliyyə hakimiyyəti tərəfindən təqdim edilən hesabat parlament tərəfindən həyata keçirilən nəzarət mexanizminə töhfə vermiş olur. İstənilən hakim tam sərbəst və azaddır, bu, fundamental keyfiyyətin bir zəmanətidir".

Sonra təltifetmə mərasimi keçirilib. Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov və Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Beynəlxalq Hakimlər Assosiasiyasının fəxri medalı ilə təltif olunublar.

Konfransın davamında BMT-nin hakimlərin və vəkillərin müstəqilliyi üzrə xüsusi məruzəçisi professor Marqaret Sattertueyt videomüraciətində qeyd edib ki, hakimiyyətin siyasi qollarının qanunsuz hərəkətləri məhkəmə müstəqilliyinə ən güclü təhdidlərdən biridir. Bu zaman siyasi fəaliyyət və iradə məhkəmə müstəqilliyinin artırılması üçün vacibdir.

Sessiyadan sonra Avropa İnsan Haqları Məhkəməsinin hakimi Lətif Hüseynov beynəlxalq konfransa yekun vurub.

 

Seçilən
11
2
xalqqazeti.az

10Mənbələr