AZ

Zelenski Odessa merini vətəndaşlıqdan məhrum etdi – Truxanov kimdir və nə baş verir?

Ukrayna Prezidenti Vladimir Zelenski Odessa şəhərinin meri Gennadi Truxanovu Ukrayna vətəndaşlığından məhrum edib. Prezident Administrasiyasının qərarına əsasən, Truxanov bu andan etibarən öz vəzifəsini icra edə bilməyəcək.

“Dumskaya” nəşrinin yazdığına görə, qərarın əsas səbəbi onun Rusiya vətəndaşlığına malik olması ilə bağlıdır. Qeyd olunur ki, Truxanov hələ 2010-cu illərdə Rusiya pasportu alıb və bu məsələ Ukrayna təhlükəsizlik qurumları tərəfindən bir neçə dəfə araşdırılıb.

Zelenski administrasiyası ilə Odessa meri arasında münasibətlər uzun müddətdir gərgin idi. Truxanov dəfələrlə Kiyev rəhbərliyini şəhərin idarəçiliyinə “siyasi təzyiq göstərməkdə” ittiham edib. Onun həmçinin “dekommunizasiya siyasətini yetərincə fəal həyata keçirməməsi”, sovet dövrünə aid adların və simvolların şəhərdən tam çıxarılmaması səbəbindən rəsmi Kiyevlə qarşıdurması dərinləşib.

Truxanov əvvəllər “Regionlar Partiyası”nın üzvü olub, son illərdə isə özünü “müstəqil siyasətçi” kimi təqdim edirdi. O, Odessada iqtisadi islahatların ləngiməsində, korrupsiya əlaqələrində və Rusiya biznes dairələri ilə yaxın münasibətlərdə ittiham olunub.

Ukrayna mediasının versiyasına görə, Zelenski komandasının məqsədi cənub bölgəsində tam siyasi nəzarəti ələ keçirməkdir. Truxanovun vəzifədən uzaqlaşdırılması bu istiqamətdə atılan ən sərt addım kimi dəyərləndirilir.

Qeyd edək ki, Gennadi Truxanov 2014-cü ildən Odessa şəhərinin meridir və son 10 ildə dörd dəfə seçkilərdə qalib gəlib. O, Ukraynanın ən tanınmış regional siyasətçilərindən biri hesab olunur.

Musavat.com

Seçilən
13
1
paytaxt.org

2Mənbələr