Prezident İlham Əliyevin Misirin Şarm əl-Şeyx şəhərində Qəzza ilə bağlı keçirilən Sülh Sammiti çərçivəsində fransalı həmkarı Emmanuel Makronla ayaqüstü görüşü beynəlxalq siyasi arenada maraqla izlənildi.
Makronun İlham Əliyevə yaxınlaşması və liderlərin səmimi dialoqu xüsusi diqqət çəkdi. Həmçinin son zamanlarda Fransa və Azərbaycan arasında gərginliyin səngidiyi müşahidə edilir. Analitiklərin fikrincə, Rusiya ilə problemlərin həlli və münasibətlərin normallaşmasından sonra Paris-Bakı əlaqələri də yoluna düşəcək.
Maraqlıdır, bu, baş verərsə, Bakı Təşəbbüs Qrupunun fəaliyyətində dəyişiklik ola bilərmi? Beləliklə paytaxtdakı Fransız Liseyinin təkrar fəaliyyətə başlaması mümkündürmü?
Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Azərbaycan–Fransa münasibətləri vaxtilə pisləşmişdi və bu, rəsmi Parisin təşəbbüsü ilə baş vermişdi:
“Azərbaycan isə sadəcə cavab addımları atdı. Məsələ təkcə Ermənistanla bağlı deyildi, artıq ikitərəfli münasibətlərdə yaranan neqativliklə əlaqəli idi. Görünən odur ki, ABŞ-da Bakı və İrəvan arasında razılaşma əldə edildikdən sonra Qərbdə Vaşinqtonun müttəfiqləri Azərbaycanla münasibətlərə yenidən baxmalı olublar. Bakı ilə münasibətləri gərgin olan ölkələr vəziyyəti normallaşdırmaq istəyirlər. Məsələn,Niderlandla da əlaqələr pis idi. Lakin Kopenhagendə Niderlandın baş naziri ilə Azərbaycan Prezidenti görüşdü. Yeri gəlmişkən, Şarm əl-Şeyxdə tərəflər yenidən bir araya gəldi.
Sırada Belçika və Lüksemburq var. Bununla belə, Bakı ilə ən çox münasibəti korlanan ölkə Belçika idi.
Makron artıq hər sammitdə Azərbaycan Prezidentinə yaxınlaşır. Kopenhagendə keçirilən görüşdə də belə olmuşdu. Fransa həm Avropa İttifaqının (Aİ), həm də dövlət maraqlarını Cənubi Qafqazda təmin etmək üçün bu addımları atır. Azərbaycan da münasibətlərin normallaşmasında maraqlıdır. Yəni bu, birtərəfli proses deyil”.
Fərhad Məmmədov
Politoloq Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə də toxunub:
“Bakı Təşəbbüs Qrupu və bu kimi institutların fəaliyyətinin dayanacağına inanmıram. Çünki Fransada da Azərbaycana qarşı institusional fəaliyyət aparılmışdı.
Məsələn, Fransa parlamenti Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan qətnamələr qəbul etmişdi. Hansı ki, onların bir çoxu hələ də ləğv edilməyib.
Bunu etmək çox çətindir. Çünki sözügedən qətnamələr böyük səs çoxluğu ilə qəbul edilib. Belə olan halda, elə bir ölkəyə qarşı əldə olan vasitələr qorunub saxlanılacaq. Ümumiyyətlə, bu məsələ Fransanın təşəbbüsü ilə başlayıb”.