Azərbaycanda bu ilin üçüncü rübü üzrə internet provayderləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib.
16 şirkət üzrə hazırlanan hesabata əsasən, şikayət indeksi ən yüksək olan provayderlər “UPLINK” MMC (7.27), “SELNET” MMC (3.84), “KONNEKT” QSC (3.41), “GSP” MMC (3.38), “MEGALİNK” MMC (2.91) olub.
Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq “AG TELEKOM” MMC (10 gün), “BEEONLINE” ASC (9 gün), “MEGALİNK” MMC (9 gün), “AZOTEL” MMC (8 gün) və “UNINET” MMC (8 gün) qərarlaşıb.
Qeyd edək ki, şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə razı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri məmnuniyyətinin az olduğunu, aşağı olması
isə müştəri məmnuniyyətinin daha yüksək olduğunu bildirir.