ain.az bildirir, Apa.az portalına istinadən.
Oktyabrın 14-də Bakı Konqres Mərkəzində Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
APA xəbər verir ki, konfransda dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə - hakimlər, vəkillər, hökumət rəsmiləri və beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də tanınmış hüquqşünas-ekspertlər iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev bildirib ki, demokratik cəmiyyətin əsas təməllərindən biri hüquqi dövlətdir. Hüquqi dövlət quruculuğunda isə hakimiyyətlərin bölgüsü prinsipinin həyata keçirilməsi əsas şərtdir. Müasir konstitusion quruluşun fundamental əsaslarından biri dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qollarına ayrılması təşkil edir. Bu amil təmərküzləşmənin və hakimiyyətdən sui-istifadənin qarşısını alan, insan və vətəndaş hüquq və azadlıqlarının, qanunun aliliyinin və demokratiyanın təminatına xidmət edən zəruri şərtdir. Qeyd edilib ki, hakimiyyətlərin bölgüsü prinsipinə uyğun olaraq, məhkəmə hakimiyyəti müstəqil hakimiyyət qoludur. Məhkəmələr demokratik və hüquqi dövlətlərdə hüquq və azadlıqlarının, cəmiyyətin təməl dəyərlərinin qoruyucusudur. Hakimiyyətin heç bir qolu təkbaşına mövcud ola bilməz, onlar digər qollarla vəhdətdə mövcud olur. Bu vəhdət onların səlahiyyətlərinin bölgüsünü təmin etməklə yanaşı, hakimiyyətin balanslı idarəçiliyinin həyata keçirilməsinə şərait yaradır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında qeyd edib ki, hakimiyyət bölgüsü hər şeydən əvvəl təsisatlar haqqında anlayışdır, səlahiyyətlərin bölündüyü, tarazlandığı və məsuliyyət daşıdığı konstitusion qaydanın yaradılması deməkdir. Həmin strukturun sütunlarından biri kimi məhkəmə hakimiyyəti olduqca mühüm rol oynayır. Onun məqsədi qanunu ədalətlə, qorxu və ya üstünlük olmadan tətbiq etmək, eyni zamanda, icraedici və qanunverici hakimiyyət qolları ilə qarşılıqlı hörmətə əsaslanan konstruktiv dialoqu qorumaqdır. Vurğulanıb ki, ölkəmizdə məhkəmə hakimiyyətinin müstəqilliyinin konstitusion qarantı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində dərin və davamlı islahatlar aparılıb. Bu islahatlar məhkəmələri qanunçuluğun keşikçiləri və ədalət mühakiməsinin yekun hakimi kimi gücləndirib. Diqqətə çatdırılıb ki, texnologiyanın, süni intellektin və sosial medianın sürətli inkişafı məhkəmələr qarşısında həm yeni imkanlar, həm də risklər yaradır. İqlim dəyişikliyi isə məhkəmə hakimiyyətinin üzərinə yeni və mürəkkəb öhdəliklər qoyur. Bu kontekstdə Beynəlxalq Hakimlər Assosiasiyası son dərəcə mühüm rol oynayır.
Avropa İnsan Haqları Məhkəməsinin hakimi Lətif Hüseynov isə məhkəmə hakimiyyəti ilə digər hakimiyyət qolları arasında münasibətlərin mürəkkəb və aktual məsələ olduğunu vurğulayıb. Qeyd edilib ki, hakimiyyət bölgüsü yalnız funksiyaların ayrılması deyil, eyni zamanda məsuliyyət və balans prinsipidir. Hakimiyyət qolları arasında dominantlıq yarandıqda, bu, xüsusilə məhkəmə hakimiyyətinin müstəqilliyinə zərbə vurur. Məhkəmə hakimiyyətinin rolu əməkdaşlıq və qarşılıqlı anlaşma çərçivəsində fəaliyyət göstərməkdən ibarətdir. Məhkəmə hakimiyyəti digər qollar arasında münasibətləri, dialoq və əməkdaşlığı ehtiva edir.
Beynəlxalq Hakimlər Assosiasiyasının Prezidenti Duro Sessa bildirib ki, Hakimlərin müstəqilliyinin insan hüquqları və azadlıqlarının təminatı baxımından əsas şərtdir. Bildirilib ki, məhkəmə qərarları yalnız qanuna əsaslanmalı və heç bir xarici təsirə məruz qalmamalıdır. Əfv məsələləri, eləcə də digər siyasi təsirlər məhkəmə qərarlarına müdaxilə etməməlidir. Avropa Hakimlərinin Məşvərət Şurasının 2015-ci il tarixli rəyində bu mövzuda əhəmiyyətli yanaşmalar ortaya qoyulub. Həmin sənəddə məhkəmə hakimiyyətinin cəmiyyət və digər dövlət institutları qarşısında daşıdığı məsuliyyət ətraflı şəkildə əksini tapıb.
Beynəlxalq Hakimlər Assosiasiyasının Birinci Vitse-prezidenti, İbero-Amerika Qrupunun Prezidenti Volter Barone çıxışında ispandilli ölkələrdə məhkəmə sahəsindəki problemlərə toxunub. Qeyd edilib ki, bu gün ispandilli Amerika ölkələrində məhkəmə hakimiyyətinin müstəqilliyi və əməkdaşlıq balansı çətinliklərlə üzləşir. Hakimiyyət qolları arasında ahəngdarlığın vacibliyi, hər bir qolun səlahiyyət limitlərinin qorunmasının önəmi vurğulanıb.
Beynəlxalq Hakimlər Assosiasiyasının vitse-prezidenti və Afrika Qrupunun Prezidenti Marsel Koassi çıxışında Afrika təcrübəsindən danışıb. Bildirilib ki, Afrika ölkələrində ədliyyə hakimiyyətinin hesabatı maliyyə müstəqilliyi təmin etmiş şəffaf yanaşmanın bariz nümunəsinə çevrilir. Həmçinin ədliyyə hakimiyyəti tərəfindən təqdim edilən hesabat parlament tərəfindən həyata keçirilən nəzarət mexanizminə töhvə vermiş olur. Afrikada ədliyyə və digər hakimiyyət qolları arasında əlaqələr sürətlə inkişaf etməkdədir. Bu kontekstdə çoxtərəfli əməkdaşlıq prioritet olmalıdır.
BMT-nin hakimlərin və vəkillərin müstəqilliyi üzrə xüsusi nümayəndəsi Margaret Satterhwaite isə konfransa videomüraciətində demokratiya və insan hüquqlarının müdafiəsi üçün üç əsas şərtin – qanunun aliliyi, hakimiyyət bölgüsü və məhkəmə sisteminin müstəqilliyinə hörmətin mövcud olduğunu diqqətə çatdırıb. Bildirilib ki, müstəqil olmayan məhkəmələr siyasi təsirlərə qarşı dayanıqlı ola bilmir, bu isə hüquqların müdafiəsini çətinləşdirir. Ədalət sisteminin siyasi qurumlardan struktur və funksional müstəqilliyinin təmin edilməsi zəruri hesab edilib.
Daha sonra konfrans sual-cavab sessiyası ilə davam etdirilib.
Konfransda həmçinin təltifetmə mərasimi keçirilib. Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədov və Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Beynəlxalq Hakimlər Assosiasiyasının fəxri medalı ilə təltif olunublar.
***
09.21
Bakı Konqres Mərkəzində Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda beynəlxalq konfrans keçirilir.
APA Xəbər verir ki, tədbirdə Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov, Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev və başqa yerli, xarici rəsmilər iştirak edirlər.
Qeyd edək ki, konfrans “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.