AZ

BMT: Qəzzanın yenidən qurulması üçün 70 milyard dollar tələb olunur

Ajans.az xəbər verir ki,bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) Fələstin xalqına yardım üzrə xüsusi nümayəndəsi Jako Cilliers Cenevrədə keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, bu rəqəm BMT, Avropa İttifaqı və Dünya Bankı tərəfindən aparılan sürətli zərər və ehtiyacların qiymətləndirilməsi əsasında müəyyən olunub: “Qəzzanın yenidən qurulması üçün təxminən 70 milyard dollar lazım olacaq. Bu, çox böyük rəqəmdir və proses mərhələli şəkildə həyata keçiriləcək.” Cilliers bildirib ki, hazırda əsas prioritetlərdən biri də dağıntıların miqyasının dəqiq qiymətləndirilməsi və yenidənqurma səylərinin hansı ərazilərə yönəldiləcəyinin müəyyən edilməsidir: “Çox güman ki, bütün ərazilər yenidən qurulmayacaq. İlk növbədə hansı bölgələrə üstünlük veriləcəyi müəyyən olunmalıdır.” O, yenidənqurma işlərinin nə qədər davam edəcəyini təxmin etməkdən imtina edib. Qeyd edək ki, oktyabrın 6-da İsrail və HƏMAS nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə dolayı danışıqlara başlayıblar. Oktyabrın 9-da isə tərəflər ABŞ prezidenti Donald Trampın daha əvvəl təqdim etdiyi sülh planının birinci mərhələsinin icrasına dair razılaşma imzalayıblar. Atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib.

 

Seçilən
60
Ajans.az

1Mənbələr