“Rabitəbank” 2025-ci ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Belə ki, 2025-ci ilin 9 ayı ərzində “Rabitəbank” 13 milyon 249 min manat xalis mənfəət əldə edib.
Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,8 faiz artaraq 1 milyard 307 milyon manata çatıb.
Kredit portfelində müsbət dinamika
Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz artıb. Nəticədə ümumi kredit portfeli 953 milyon 150 min manata yüksəlib. Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, biznes kreditləri portfeli 13,7 faiz artaraq 431 milyon 216 min manata, o cümlədən, istehlak kreditləri portfeli 21,3 faiz artaraq 341 milyon 804 min manata, ipoteka kreditləri isə 17,9 faiz artaraq 180 milyon 131 min manata çatıb.
Bankda fiziki və hüquqi şəxslərin əmanətləri artıb
Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki, 2025-ci ilin 9 ayı ərzində Rabitəbank”da əmanətlər 15 faiz artaraq 792 milyon 913 min manat olub.
Fiziki şəxslər üzrə əmanətlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 20,1 faiz artaraq 550 milyon 855 min manata, hüquqi şəxslər üzrə əmanətlər isə 4,8 faiz artaraq 242 milyon 58 min manata çatıb.
Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 18,7 faiz artaraq 99 milyon 480 min manata çatıb.
Qeyd edək ki, hazırda “Rabitəbank” ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.