Azərbaycana və Ermənistana silah embarqosu ləğv edildi - Böyük Britaniyadan QƏRAR
Böyük Britaniya Azərbaycan və Ermənistana qarşı silah embarqosunu tamamilə ləğv edir. Bu barədə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautin Böyük Britaniya parlamentinin saytında dərc olunmuş yazılı açıqlamasında bildirib. Bəyanatda qeyd edilir ki, London Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyişi alqışlayır. Nazirin sözlərinə görə, bu, "sülh və sabitliyə doğru mühüm addımdır". Dautin xatırladıb ki, avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli sammit keçirilib. Zirvə görüşündən sonra sülh müqaviləsi paraflanıb və bəyannamə imzalanıb. Sənədə əsasən, Böyük Britaniya Azərbaycan və Ermənistanla münasibətlərini ticarət, təhlükəsizlik və müdafiə sahələrində strateji tərəfdaşlığa yüksəltmək qərarına gəlib. Mətləb Salahov