AZ

Prezident Tramp Nobel Komitəsindən narazıdır

Bu komitə 124 ildir ki, Azərbaycana da qarşı haqsızlıq edir

ABŞ Prezidentinin qlobal tərəfdaşlıqlar üzrə xüsusi elçisi Paolo Zampolli bu günlərdə Norveç Nobel Komitəsini tənqid edərək bildirib ki, Nobel Sülh Mükafatı bu il də öz nüfuzunu zədələyib. Qeyd edək ki, indiyədək Nobel Mükafatı Komitəsinə bu səviyyədə narazılıq edən olmamışdı.

Zampollinin sözlərinə görə, Nobel Komitəsi ABŞ Prezidenti Donald Trampın diplomatik uğurlarını və onun vasitəçiliyi ilə Azərbaycanda və regionda əldə olunan sülh prosesini tamamilə görməzliyə vurub: “Bu, ironik faktdır: Alfred Nobelin sərvəti məhz Azərbaycan neftindən yaradılıb, amma onun adını daşıyan mükafat Azərbaycanda bərqərar edilmiş real sülhü görmür. Bu, tarixi ədalətsizlikdir,” – deyə Paolo Zampolli vurğulayıb.

Bəli, bu, tarixi ədalətsizlik, ayrı-seçkilik və ən azı görünməmiş nankorluqdur. Daha pisi odur ki, belə mənfi hal Nobel Komitəsi yaranandan indiyədək davam etməkdədir və bu səhvin düzəldilməsi barədə düşünən yoxdur.

ABŞ dövlətinin rəsmisi, həmçinin təklif edib ki, “Tramp Sülh Mükafatı” təsis edilsin və bu mükafat siyasi yönümlü deyil, faktiki nəticələrə əsaslanan sülh təşəbbüslərini qiymətləndirsin. “Dünya bu gün simvolik diplomatiyadan çox, real nəticələrə ehtiyac duyur. Donald Tramp təkcə Qafqazda deyil, Yaxın Şərqdə də danışıqlar masasını yenidən hərəkətə gətirən lider olub,” – deyə o əlavə edib.

1875-ci ildən başlayaraq, Nobel qardaşlarının Azərbaycan neft sənayesində fəaliyyəti güclənir. Əslində onlar hərbi zavodlar üçün möhkəm oduncaqlı ağac istehsalı ilə gəlmişdilər. Lakin Bakı nefti onları bu sahəyə maraqlandırmışdı. Başa düşmüşdülər ki, neftdən milyonlar əldə edə bilərlər. Ona görə də fəaliyyət istiqamətini dəyişdirdilər.

Yaradıcıları Robert, Lüdviq və Alfred Nobel olan firmanın əsas kapitalı fəaliyyətinin birinci ilində 3 milyon rubl təşkil etdi. Firmada neft yatağının işlənməsindən son neft məhsullarının satışınadək bütün proseslərə qardaşlar nəzarət edirdilər. Robert Nobel ilk olaraq Qara şəhərdə 25 min rubla «Tbilisi cəmiyyəti»ndən kiçik bir zavod alır, onu yenidən qurur, neft quyularının qazılması üçün ilk dəfə olaraq mexanizmlər istehsal etməyə başlayır. Sonra isə Balaxanıda neft sahəsi alır və artıq 1876-cı ilin payızında o, ilk qazıma işləri aparır. Daha sonra ağ neft istehsal edən zavod tikir, yüksək keyfiyyətli və amerikalılarla rəqabətə davam gətirən yüksək keyfiyyətli məhsul istehsal etməyə başlayır. 1876-cı ilin payızında Robert səhhəti ilə bağlı Bakını tərk edərək, başladığı işi davam etdirməsi üçün qardaşı Lüdviqi təcili olaraq Sankt-Peterburqdan Bakıya göndərir. Lakin çox keçmir ki, Rusiya müharibəyə başlayır.

Alfred Nobel və qardaşları Krım müharibəsinə cəlb olunmuş çar ordusu üçün silah istehsal etməyə başlayırlar. Əvvəlcə Azərbaycana Robert gəlir. O, tüfəng qundağı üçün qoz ağacı (bəzi mənbələrə görə dəmirağac) axtara-axtara Lənkərandan Bakıya gəlir və orada qaynayıb-qarışan bir şəhər görür. Robert Nobel Bakıda neftlə bağlı geniş biznes imkanları görür və qardaşlarını burada şirkət açmağa inandırır. 1875-ci ildə Nobel qardaşları Bakıda "Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev Nobel" – Nobel Qardaşları Şirkətini yaradırlar. Az müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olur, zavodlar alır və xeyli kapitala yiyələnirlər. Qardaşlar minlərlə insanı qəpik-quruşa işlədərək onların halal əməklərini rəhmsizcəsinə istismar edirlər. Qardaşlar bu minvalla Azərbaycanın varidatını otuz ildən də artıq müddətdə talayıb öz ölkələrinə daşıyırlar. Bu talan-qarət Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər davam edir.

Çünki Rusiyada proletar inqilabından sonra bolşeviklər Bakı neftini öz əllərinə keçirməyə can atırdılar. Bunun üçün onların yerlilərdən ibarət çoxlu təşkilatlanmış köməkçiləri də vardı. 1920-ci ilin aprel ayında onlar Bakını silahlı müdaxilə ilə işğal edir və neft sənayesini maqnatların əllərindən alıb “milliləşdirirlər.” Bakıdan gedən Nobel qardaşlarının şəhərdə mülkləri qalsa da, milyonları, əlbəttə ki, batmır. Çünki pullar Bakıdan aparılıb xarici banklara yatırılır, külli miqdarda faiz alınırdı. Qardaşlar orada da necə deyərlər, puldan pul qazanırlar. Hal-hazırda məhz həmin pullar ailəsi və övladı olmayan Alfred Nobelin vəsiyyətinə görə "Nobel mükafatı" formasında müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alimlərə təqdim olunur. Nobel Mükafatının məbləği təxminən bir milyon üç yüz min ABŞ dollarına bərabərdir. Mükafat kimya, fizika, sülhyaratma, iqtisadiyyat və daha bir neçə sahə üzrə nəhəng nailiyyətlərə imza atmış şəxslər üçün nəzərdə tutulub. İlk Nobel Mükafatı 1901-ci ildə təqdim olunub. Lakin açıq görünür ki, bu mükafatın verilməsini vəsiyyət edən Alfred Nobelin ruhuna hörmətsizlik edilir. Layiq olan bir çox dünyaşöhrətli alimlərə Nobel Mükafatının haqqı olanlara bilərəkdən verilməməsi komitədə kimlərinsə marağında deyil və yüz iyirmi dörd ildir ki, bu riyakarlıq davam etməkdədir.

Təəssüf ki, Alfred Nobelin Bakıda qazandığı yüz milyonlarla dollardan indiyədək heç bir azərbaycanlı alimə tək bir mükafat belə ayrılmayıb. Halbuki onlarca alimimiz bu mükafatın laureatı ola bilərdi. Mükafatı təyin edən komitə ədalətli olsaydı azı böyük kimyaçı alimimiz Yusif Məmmədəliyevə yüksək oktanlı benzinini ixtirasına görə Nobel Mükafatı verməli idilər. Bu ixtiradan hazırda dünyanın hər bir ölkəsində istifadə olunur. Ancaq görünür, türklərə qarşı tətbiq edilən ayrı-seçkiliklər və ikili standartlar burada da işləyir. Azərbaycanın yüz milyonlarla pullarını daşıyıb Norveçə aparanlar heç olmasa onun bir milyonunu belə həmin pulların əsl sahiblərinə qıymırlar. Paolo  Zampollinin dediyi ki, bunun adı ədalətsizlik deyilsə, bəs nədir?

Vəli İlyasov, “İki sahil”

Seçilən
21
ikisahil.az

1Mənbələr