Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə Özbəkistanın Dövlət Unitar Müəssisəsi "Kibertəhlükəsizlik Mərkəzi" arasında Anlaşma Memorandumu imzalanıb.
Avtosfer.az ETX-nın məlumatına istinadən xəbər verir ki, sənəd Özbəkistanın Daşkənd şəhərində keçirilən "Cyber Security Summit 2025" tədbiri çərçivəsində imzalanıb.
Bildirilir ki, memorandum kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini, təcrübə mübadiləsinin genişləndirilməsini və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Tədbirin ilk panelində çıxış edən ETX-nin rəis müavini Elvin Şahverdiyev qlobal kibertəhlükəsizlik sistemində milli CERT-lərin rolu, regional əməkdaşlığın gücləndirilməsi və kibertəhdidlərə qarşı birgə mübarizənin vacibliyi barədə danışıb. O, beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsinin milli kibermühitin dayanıqlığının təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.
Elektron Təhlükəsizlik Xidmətinin də dəstək göstərdiyi "Cyber Security Summit 2025" tədbiri Azərbaycanla yanaşı, Mərkəzi Asiya və digər regionlardan olan dövlət qurumlarının, təşkilatların və kibertəhlükəsizlik şirkətləri nümayəndələrinin, eləcə də beynəlxalq ekspertlərin iştirakı ilə keçirilib.