AZ

"Münasibətlərin normallaşması regionun iqtisadi inkişafının əsas şərtlərindən biridir" - ŞƏRH EDİLDİ

"Azərbaycan–Rusiya münasibətlərinin normallaşması region üçün mühüm əhəmiyyət daşıyan strateji prosesdir. Hər iki ölkə uzunmüddətli tarixi, iqtisadi və siyasi əlaqələrə malikdir və bu əlaqələrin sabit şəkildə inkişafı həm regional, həm də ikitərəfli maraqlara xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, müharibədən sonrakı dövrdə münasibətlərdə müəyyən gərginliklərin yaranması təbii idi, çünki bölgədə yeni reallıqlar formalaşırdı:

"Lakin bu gün tərəflər daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan dialoq xəttinə qayıdır. Azərbaycan üçün Rusiya mühüm qonşu, regionda təhlükəsizlik və nəqliyyat məsələlərində vacib tərəfdaşdır. Rusiya üçün isə Azərbaycan Cənubi Qafqazda sabitliyin təminatçısı və iqtisadi əməkdaşlıq baxımından etibarlı mərkəzdir. Son görüşlərdə tərəflərin münasibətləri konstruktiv məcraya yönəltməsi, diplomatik çevikliyin və qarşılıqlı hörmətin göstəricisidir. Bakı heç bir müttəfiqlik formatında tərəf seçmir, əksinə, balanslı siyasət yürüdərək həm regional, həm də beynəlxalq sabitliyə töhfə verir.

İqtisadi əlaqələrin, nəqliyyat dəhlizlərinin və enerji əməkdaşlığının genişlənməsi münasibətlərin dərinləşməsi üçün real platformadır. Şimal–Cənub Nəqliyyat Dəhlizinin inkişafı bu baxımdan strateji əhəmiyyət daşıyır və həm Bakının, həm Moskvanın maraqlarına uyğundur. Mədəni və humanitar sahədəki əlaqələrin də bərpa olunması iki xalq arasında etimadın möhkəmlənməsinə xidmət edir.

Nəticə etibarilə, Azərbaycan–Rusiya münasibətlərinin normallaşması nə təkcə ikitərəfli dialoqun bərpası, nə də sadəcə diplomatik jestdir – bu, regionun gələcək sabitliyinin və iqtisadi inkişafının əsas şərtlərindən biridir. Bakı yenə də reallıqlara əsaslanan, milli maraqları qoruyan və konstruktiv əməkdaşlığa açıq siyasət nümayiş etdirir".

Müəllif: Arzu Qurbanlı
Seçilən
1
1
sia.az

2Mənbələr