AZ

Allahşükür Paşazadə BMT baş katibi ilə görüşüb

Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfəri çərçivəsində BMT Baş katibi Antonio Quterreş tərəfindən təşkilatın Baş Qərargahında qəbul olunub.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, Şeyxülislam A.Paşazadənin Antonio Quterreşin BMT Baş katibi vəzifəsində olduğu 9 ilə yaxın müddət ərzində BMT Baş Qərargahında qəbul etdiyi ilk dini liderdir.

Görüşün əvvəlində Şeyxülislam BMT Baş katibinə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb, Antonio Quterreşin Azərbaycan dövlət başçısı ilə aralarındakı səmimi münasibətlərinin olduğundan, xüsusilə bu yaxınlarda Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində iki lider arasında baş tutan görüşündən dərin məmnuniyyətini dilə gətirib.

QMİ sədri bu yaxınlarda ABŞ prezidentinin rəhbərliyi ilə Ağ Evdə Ermənistan-Azərbaycan sülh protokolunun imzalanması münasibətilə öz dərin məmnuniyyətini bildirdi, sülhün bərqərar olmasında BMT Baş Katibinin səylərinin olduqca təsirli olduğunu qeyd edərək buna görə cənab Quterreşə Azərbaycan dindarları adından və öz adından dərin təşəkkürünü ifadə etdi.

QMİ sədri qeyd etdi ki, Azərbaycan və Ermənistanın siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy verdikləri hazırki vəziyyətdə erməni kilsəsi və erməni diasporası bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır: "Dini xadimlər hər zaman sülhə çağırırlar. Amma iki ölkənin siyasi rəhbərlikləri sülhə doğru addımlar atarkən biz görürük ki, erməni kilsəsi revanşizmə və yeni qarşıdurmaya çağırışlar edir”.

“Bu, qəbuledilməzdir” deyə cənab Quterreş cavab verib.

QMİ sədri BMT baş katibinə Azərbaycanın azad olunmuş ərazilərində mənşəyindən asılı olmayaraq bütün dini və mədəni obyektlərin genişmiqyaslı bərpa prosesi barədə məlumat verdi.

Bundan sonra Şeyxülislam A. Paşazadə Azərbaycanda mövcud unikal dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşma mühiti, dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə məlumat verdi. Azərbaycanda məzhəblər arasında anlaşmanın uğurlu modelinin İslam dünyasında nümunə olaraq qəbul edildiyini diqqətə çatdıran QMİ sədri gələn il Azərbaycanda Müsəlman Ağsaqqalları Şurası, BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə İslamdaxili dialoq və İslamofobiya ilə mübarizəyə həsr olunmuş mötəbər tədbirin keçiriləcəyini BMT Baş katibinin diqqətinə çatdıraraq cənab Quterreşi bu tədbirə dəvət etdi.

Cənab Quterreş, öz növbəsində, QMİ sədrini BMT Sivilizasiyalar Alyansının bu ilin dekabr ayında Səudiyyə Ərəbistanında keçirəcəyi növbəti Qlobal forumunda iştirak etməyə dəvət etdi. Şeyxülislam cənab Quterreşi Azərbaycanda görmək və ona layiqli qonaqpərvərlik göstərmək arzusunda olduğunu dilə gətirdi. BMT baş katibi Azərbaycanı daha əvvəllər, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olduğu dövrdə bir neçə dəfə ziyarət etdiyini, ölkəmiz barədə ən xoş təəsüratlarının olduğunu qeyd edərək, orada yenidən olmaqdan məmnun olacağını dedi.

Şeyxülislam A.Paşazadə başçılıq etdiyi İdarənin BMT-nin Sivilizasiyalar Alyansı ilə sıx əməkdaşlıq etdiyini və buna görə cənab M.Moratinosa minnətdar olduğunu qeyd etdi, bundan sonra da bu əməkdaşlığı davam etdirmək əzmində olduğunu əlavə etdi.

Cənab A.Quterreş QMİ sədrinin dünya miqyasında apardığı dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığa yönəlmiş geniş fəaliyyətindən xəbərdar olduğunu və Şeyxülislamın bütün təşəbbüslərini BMT müstəvisində dəstəkləməyə hazır olduqlarını bildirdi.

Qəbulda BMT Baş katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi, Baş katibin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi M.Moratinos, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov, Azərbaycanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli səfiri Xəzər İbrahim və Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəsi Tofiq Musayev iştirak etdilər.

Seçilən
5
10
icma.az

10Mənbələr