AZ

İlbər Ortaylı xəstəxanadan yazdı: “Həkimim istirahəti yalnız tövsiyə etmir, əmr edir”

Türkiyənin tanınmış tarixçisi İlbər Ortaylı səhhətində yaranan ciddi problemlər səbəbindən bir müddət Koç Xəstəxanasında müalicə alıb.

Musavat.com xəbər verir ki, alim bu barədə sosial media hesabında paylaşım edib. O, ani şəkildə ortaya çıxan xəstəliyin ağır fəsadlar yaratdığını və bir həftədən artıq xəstəxanada qaldığını bildirib:

“Etiraf etməliyəm ki, bu dəfə yaşadığım narahatlıq əvvəlkilərdən qat-qat ağır keçdi. Buna görə Haliç Konqres Mərkəzində, İzmir Dokuz Eylül Universitetində və Şəhər Xəstəxanasındakı tədbirlərə qatıla bilmədim. Həkimlərimin tövsiyəsi ilə bu həftəsonu keçiriləcək Kocaeli Kitab Sərgisindəki görüşümüzü də ləğv etmək məcburiyyətində qaldım".

Ortaylı qeyd edib ki, hazırda uzun səfərlərə çıxmaq və auditoriya qarşısına çıxmaq üçün kifayət qədər gücü yoxdur, buna görə bir müddət izolyasiya şəraitində istirahət edəcək.

O, Koç Xəstəxanasının Nefrologiya şöbəsinin rəhbəri Prof. Mehmet Kanbay və onun komandasına minnətdarlığını bildirib:

“Onların səyləri sayəsində bu böhranı geridə qoydum. Həkimim mənə yalnız istirahət etməyi tövsiyə etmir, adeta ‘əmr edir’. Buna görə bir müddət daha dincələcəyəm".

İlbər Ortaylı paylaşımının sonunda onu arayan, maraqlanan və xoş sözlərini çatdıran hər kəsə təşəkkür edib, sağlam günlər arzulayıb.



Musavat.com

Seçilən
8
musavat.com

1Mənbələr