Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp telefon danışığı aparır.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bildirib.
“Zelenski hazırda Prezident Tramp ilə danışır”, - deyə Yermak vurğulayıb.
Liderlərin müzakirə etdiyi mövzular barədə məlumat verilməyib.
17:30
****
ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Rusiyanın Ukraynanın enerji sektorlarına zərbələri və ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi imkanlarını müzakirə etdik.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media səhifələrində məlumat verib.
“Mən ABŞ Prezidenti Donald Trampla danışdım. Yaxşı söhbət oldu, çox məhsuldar oldu”, - Zelenski bildirib.
Ukrayna Prezidenti ABŞ Prezidentini uğurlu və faktiki olaraq təmin etdiyi Yaxın Şərq sazişi münasibətilə təbrik edib.
“Bu, güclü nəticədir. Əgər biz bu regionda müharibəni dayandıra bilsək, şübhəsiz ki, digər müharibələr də dayandırıla bilər, o cümlədən bu Rusiya müharibəsi də”, - deyə Zelenski bildirib. Ukrayna Prezidenti, həmçinin qeyd edib ki, söhbət zamanı o, Trampa Rusiyanın Ukraynanın enerji sektorlarına zərbələri barədə məlumat verib.
“Bizi dəstəkləmək istəyinizə görə minnətdaram. Biz hava hücumundan müdafiə sistemimizi gücləndirmək imkanlarını və bununla bağlı hazırladığımız sazişləri müzakirə etdik. Bizi həqiqətən necə gücləndirmək barədə yaxşı variantlar, güclü ideyalar var”, - deyə Zelenski vurğulayıb.