AZ

Putindən Paşinyana SƏTİRALTI MESAJ – Ermənistanın “re-export”u gizlətmək cəhdi necə İFŞA EDİLDİ?

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB sammiti çərçivəsində fikir ayrılığı yaşanıb.

Ticarət dövriyyəsi anlaşmazlığı

Belə ki, MDB ölkələri ilə ticarət dövriyyəsinin artımından danışan Putin Ermənistanı nümunə göstərmək istəyib və Paşinyandan cari ilin göstəricilərini soruşub. Cavabında Paşinyan ticarət dövriyyəsinin 4 milyard dollar olduğunu bildirib.

Lakin Putin bu rəqəmlə razılaşmayıb və 2024-cü ilin göstəricisini dəqiqləşdirmək istəyib. Paşinyan ötən ilin ticarət dövriyyəsinin 9 milyard dollar səviyyəsində olduğunu bildirib. Rusiya Prezidenti isə öz növbəsində həm cari, həm də ötən il üzrə iki ölkə arasında ticarət dövriyyəsinin bundan daha yüksək olduğunu qeyd edib.

Rusiya-Ermənistan ticarət dövriyyəsində rekord artım

Son üç ilin göstəricilərinə nəzər salsaq görərik ki, 2021-ci illə müqayisədə 2023-cü ildə Ermənistanın xarici ticarət dövriyyəsi 2,5 dəfə, idxal 2,3 dəfə, ixrac isə 2,8 dəfə artıb. Bu artımı diqqətlə araşdırdıqda süni təsirlərin əlamətini görmək olar.

Ermənistanın xarici ticarətinin ölkələr baxımından strukturuna baxdıqda isə görərik ki, Rusiya ilə ticarət əlaqələri 2022-ci ildə əvvəlki illə müqayisədə 2 dəfə artıb. 2023-cü ildə isə Ermənistanın Rusiya ilə ticarətində 43 %-lik artım qeydə alınıb. 2023-cü ildə də əvvəlki ildə olduğu kimi Ermənistanın ticarət dövriyyəsinin üçdə birindən çoxu, yəni 35 %-i məhz Rusiyanın payına düşüb. 2024-cü ildə isə Rusiya və Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 12,4 milyard dollara bərabər olub.

Statistik göstəricilərə nəzər saldıqda, iki ölkə arasında ticarət dövriyyəsinin 2022-ci ildən, yəni Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra sürətlə artdığı müşahidə olunur. Bu qədər böyük artımın Ermənistan iqtisadiyyatının inkişafı hesabına baş tutması isə təbii ki, qeyri-mümkündür. Yəni, Ermənistan sanksiyalar altında olan malları Qərbdən alıb, Rusiyaya satmaqla bu göstəricilərə nail olub.

Putinin Paşinyana MDB sammitində sətiraltı mesajı da məhz buna işarə idi.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, Putinlə Paşinyan arasında Düşənbədəki “rəqəm polemikası”nın arxasında ciddi siyasi mesaj gizlənir: 

“Bu, çox maraqlı diplomatik epizoddur və əslində sıradan statistik mübahisə deyil. Tərəflər arasında bu “rəqəm polemikası”nın arxasında ciddi siyasi mesaj gizlənir. Paşinyanın 4 və 9 milyardlıq göstəriciləri Rusiyanın rəsmi məlumatları ilə üst-üstə düşmür. İkincisi, Moskva yaxşı anlayır ki, Ermənistanın ixrac həcmi süni şəkildə şişirdilib. Bunun səbəbi isə “re-export” adlanan kölgəli ticarət sxemləridir.

Ermənistan Qərbin sanksiyaları səbəbindən Rusiyaya satışı qadağan edilmiş malları “üçüncü ölkə” kimi yenidən ixrac edir. Bu malların əksəriyyəti elektronika, avtomobil hissələri, ikili təyinatlı məhsullar və yüksək texnologiya ilə bağlı komponentlərdir. Paşinyan bu faktı rəsmi rəqəmlərdə gizlətməyə çalışır, çünki etiraf etsə, Ermənistanın Qərblə münasibətlərdə “etibarlı tərəfdaş” imici dərhal dağılacaq”.

Moskvadan İrəvana xəbərdarlıq

Politoloq düşünür ki, Putin Paşinyana həmin sualı təsadüfən verməyib:

“O, Paşinyanın açıq şəkildə “rəqəmlərlə manipulyasiya etdiyini” göstərdi. Bu, həm Ermənistanın sanksiya rejiminin arxasında gizlənməsini ifşa edir, həm də Moskvadan İrəvana yönələn dolayısı xəbərdarlıqdır. Rusiya göstərmək istəyir ki, Ermənistanın iqtisadi artımı real deyil, süni şəkildə Moskva bazarına bağlıdır.

Bu “rəsmi rəqəm mübahisəsi” həm də Kremlin Paşinyana etimadsızlığının simvoludur. Putin mesaj verir ki, Ermənistanın iqtisadi dirçəlişi Rusiyanın kölgəsində baş verir və bu asılılıq istənilən an ifşa oluna bilər. Paşinyanın rəqəmləri aşağı göstərməsi onun Qərbə xoş görünmək üçün guya “Rusiya ilə əlaqələr zəifləyib” imici yaratmaq cəhdidir.

Amma Putin bu oyunu dərhal sezdi və “rəqəmi yuxarı çəkərək” Paşinyanı fakt qarşısında qoydu. Bu, həm də Moskvanın İrəvana “biz hər şeyi bilirik” mesajı idi. Ticarət dövriyyəsindəki fərq əslində Ermənistanın ikili geosiyasi oyununun barometridir”.

İrəvan re-exportu artıq gizlədə bilməyəcək...

T. İsmayılovun fikrincə, baş verən qarşıdurma göstərdi ki, Ermənistanın sanksiyalardan qaçmaq yolu kimi Rusiyaya re-exportu gizlətməsi artıq mümkün deyil:

“Paşinyanın “rəqəmlərlə siyasət aparmaq” istəyi iflasa uğradı. Bu epizod həm də Putin üçün daxili auditoriyaya “biz müttəfiqlərimizin də yalanlarını görürük” tipli güc nümayişi idi. Bu mübahisə həm də Moskva–İrəvan münasibətlərindəki dərin inamsızlığın növbəti sübutudur:

Ermənistanın iqtisadi “artımı” əslində Rusiya bazarına əsaslanan, lakin Qərbə sırıdılmağa çalışan saxta modeldir. Putin isə Düşənbədə sadəcə iqtisadi rəqəmləri deyil, Paşinyanın ikiüzlü siyasətini ortaya qoydu”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
6
2
bizim.media

3Mənbələr