AZ

Azərbaycan-Rusiya: səmimiyyət hərarət gətirəcək“

Təyyarə olayı” və Düşənbədən mesajlara sözardı

Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə görüşü Bakı-Moskva münasibətlərində müşahidə olunan gərginliyi aradan qaldıracmı? İndi siyasi müşahidəçiləri və ekspertləri bu suala cavab maraqlandırır.

Bəribaşdan deyək ki, dövlət başçılarının uzun fasilədən sonra bir araya gəlmələri müsbət haldır. Xüsusən, onlar arasındakı danışığın tam mahiyyətə uyğun getməsi. Mahiyyət isə bəllidir. Söhbət ötən ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında – qəzaya məruz qalması nəticəsində çoxsaylı insan tələfatına yol açan faciənin yaşanmasından gedir. Nəzərə alaq ki, nəinki dövlətlərarası əlaqələrdəki, eləcə də Azərbaycan və Rusiya cəmiyyətlərinin bir-birinə münasibətindəki gərginliyin səbəbi məhz məlum təyyarə olayı idi. Bu baxımdan Prezident Putinin çıxışında, böyük ölçüdə, əsasən həmin hadisəyə yer verməsi təqdirəlayiqdir.

Deməli, rəsmi Moskva faciəni mahiyyəti üzrə qiymətləndirir. Ən başlıcası, Putin hadisədə günahkarların müvafiq məsuliyyətə cəlb olunacağını vurğulayır: “Sözsüz ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”.

Beləliklə, Prezident Putinin bildirdiyi fikirlər təyyarə qəzasından sonra Rusiyada bəzi şəxslərin faciənin əsl səbəblərini fərqli təqdim etmək, ictimai rəyi çaşdırmaq yönümlü cəhdlərini heçə endirdi. Məlumdur ki, gərginliyin başlıca səbəbi olaya obyektiv qiymətin verilməməsi, belə demək mümkünsə, nağıl və rəvayət həvəskarlarının ortaya atılmaları idi. Yeri gəlmişkən, həmin vaxt vəziyyətdən Rusiyanın ermənipərəst, anti-Azərbaycan dairələri geninə-boluna yararlandılar.

Bəli, Prezident Putinin dövlətimizin başçısı ilə görüşdə dedikləri simonyanların, solovyovların, zatulinlərin və digərlərinin növbəti fiaskosudur. Düşənbədə onların təyyarə olayı fonunda Bakı-Moskva münasibətlərini tamamilə pozmağa hesablanmış ritorikaları iflasla üzləşdi. Onlar oktyabrın 9-da şəxsi faciələrini yaşadılar. Hərçənd, üzsüzlərin hansısa mənəvi diskomfort keçirdiklərini söyləyə bilmərik. Çünki daim rəzil və miskin duruma düşüb, sonra heç nə olmamış kimi bədnam əməllərini davam etdirdiklərini az görməmişik. Axı belələri üçün dəyərlər və prinsiplər heç nədir.

Doğrudur, Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə görüşündən və apardıqları müzakirələrdən sonra ikitərəfli münasibətlərin tam normal məcraya düşdüyünü iddia etmək olmaz. Amma artıq ali səviyyəli məram var. Qarşıdakı müddətdə bu məramın əməli tədbirlərlə daha da dərinləşəcəyinə ümid bəsləmək mümkündür. Prezidentlərin açıqlamalarının ümumi pozitiv tonu da belə düşünməyə əsas verir. Əvvəlcə, dövlətimizin başçısının mövcud xüsusda hansı cəhətlərə nəzər salmasına diqqət yetirək: “Siz qeyd etdiyiniz kimi, bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika mövcuddur. Həmçinin bütün başqa istiqamətlər üzrə heç bir yerdə hər hansı gecikmə və yaxud geriləmə olmayıb. Əksinə, Sizinlə təsdiq etdiyimiz yol xəritələri uğurla həyata keçirilir”.

Azərbaycan-Rusiya münasibətlərinin gündəliyini bir daha nəzərdən keçirmək üçün yaxşı imkanın olduğunu deyən Prezident İlham Əliyev, həmçinin, bu yaxınlarda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasının keçirildiyini, qurumun həmsədrlərinin təkcə iqtisadi-ticari deyil, bütün məsələlərin geniş spektrini ətraflı müzakirə etdiklərini vurğuladı. Rusiya Prezidenti isə bunları bildirdi: “Qeyd etmək istərdim ki, buna baxmayaraq, bizim maraqlarımız, qarşılıqlı maraqlarımız bir çox sahələrdə üst-üstə düşür və çox yaxındır. Əlbəttə, hər şeydən əvvəl, bu, iqtisadi-ticari əlaqələrə aiddir. Bu faciə ilə əlaqədar indi danışdığım bütün nüanslara, onunla əlaqədar hansısa məsələlərə baxmayaraq, iqtisadi-ticari əlaqələr inkişaf edib və uğurla inkişaf edir. Keçən il ticarət dövriyyəsində təqribən 6 faiz, bu il isə 16 faizdən çox artım olub. Bu, çox yaxşı göstəricidir”.

Əlbəttə, Azərbaycan Şimal qonşusu ilə əlaqələrin korlanmasının tərəfdarı olmayıb. Baxmayaraq ki, Rusiyadakı destruktiv kəsim ölkəmizin, guya, təyyarə faciəsini bəhanə edərək, Qərbə doğru meyilləndiyi ideyasını tirajlayırdı... Ölkəmiz müasir müstəqillik illərində həmişə özünün balanslı siyasət kursuna sadiq qalıb, habelə, heç vaxt dünyanın anti-Rusiya kampaniyasına qoşulmayıb, qonşuluğun ənənəvi ruhuna sadiq mövqe tutub.

Amma ölkəmiz AZAL-ın təyyarəsi ilə bağlı əsl həqiqətlərin aşkara çıxmasına prinsipial yanaşıb. Bu yanaşma rəsmi Bakının qarşı tərəfdən də münasibətlərin qorunmasına sadiqlik gözləntisi olub. Həqiqətləri isə Prezident Putin açıqladı. O, faciə baş verəndən az sonra etdiyi üzrxahlığını xatırladı. Daha sonra zaman-zaman Rusiya tərəfindən irəli sürülmüş təyyarənin göyərtəsində qaz balonunun partlaması iddiasının yalnız spekulyasiyaya hesablandığı üzə çıxdı. Hava gəmimizin göydə quşlarla toqquşmasına gəlincə,

V.Putin fikirləri ilə tələskənlikdən ortaya atılmış bu iddia ilə bağlı vacib nüansa da aydınlıq gətirdi: “İkinci səbəb Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olmasından ibarətdir. Buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib, - əgər bu baş versəydi, təyyarə yerindəcə məhv olardı, - raketlər partlayıb, ola bilər ki, bu, bir neçə metr məsafədə, təqribən 10 metrlik məsafədə özünü məhv etmək olub. Ona görə də təyyarə zədələnib, amma əsas məsələ odur ki, məhvedici döyüş elementləri ilə deyil, yəqin raketin parçalarının özü ilə. Məhz bu səbəbdən pilot hadisəni quş sürüsü ilə toqquşma kimi qiymətləndirib, bu barədə rusiyalı dispetçerlərə məlumat verib, bütün bunlar “qara qutular”da qeyd olunub”.

Kreml rəhbərinin təyyarəmizə atəşin hansı səbəbdən, nə üçün açıldığına dair detallı izahı, əslində, həqiqətin diqqətə çatdırılması fonunda bir o qədər əhəmiyyət daşımır. Başlıca məqam odur ki, heç nə bilərəkdən, məqsədli şəkildə olmayıb. Yeri gəlmişkən, bunu Azərbaycan dövlətinin təmsilçiləri, şəxsən Prezident İlham Əliyev də dəfələrlə bildirib və hadisəyə görə hüquqi məsuliyyətin müəyyənləşməsini, ən əsası isə üzrxahlıq tələb edib. Məsələyə mövcud prizmadan yanaşsaq, cənab Putinin əvvəlki, yəni hadisə baş verdikdən dərhal sonra etdiyi üzrxahlığı yada salması böyüklük kimi qiymətləndirilməlidir. Onun Prezident Əliyevlə görüşdə birbaşa təyyarə olayına köklənməsi də həmçinin. Elə buna görədir ki, dövlətimizin başçısı bildirdi: “Əlbəttə, Azərbaycan Hava Yollarının təyyarəsinin keçən ilin dekabrında qəzaya uğraması ilə bağlı faciə haqqında ətraflı informasiyaya görə xüsusilə təşəkkür edirəm”.

Qeyd edək ki, Prezident İlham Əliyev çıxışının sonunda da rusiyalı həmkarına təyyarə olayına dair informasiyaya görə təşəkkürünü ifadə etdi. Ardınca isə ölkəmizin lideri “cəmiyyətlərimizə göndərdiyiniz mesajların da müsbət qarşılanacağına” əminliyini dilə gətirdi. Necə deyərlər, örtülü bazar, dostluğu pozar. Yəni qaranlıq məqamlar qalmamalıdır ki, münasibətlər səmimi ahəngini qorusun. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlaması da dövlət başçılarının bütün problemləri pozitiv əsaslarla müzakirə etdiklərini söyləməyə əsas verir. Biz də öz növbəmizdə buna ümid edir, Bakı-Moskva əlaqələrinin əvvəlki müsbət məcrasına dönəcəyinə inanırıq.

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
8
1
xalqqazeti.az

2Mənbələr