Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatında 6-cı turun partiyaları keçirilib.
“Ölkə.az” xəbər verir ki, hesabat turunda kişi və qadınlardan ibarət Azərbaycan komandaları Ermənistan şahmatçılarıyla qarşılaşıb.
Kişi şahmatçılardan ibarət Azərbaycan komandası Ermənistana 2.5-1.5 hesabı ilə qalib gəlib. 6-cı turda Şəhriyar Məmmədyarov görüşü qalib kimi başa vurub. Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlı heç-heçəyə oynayıb. Bu qələbədən sonra Azərbaycan komandasının aktivində 9 xal var.
Qadın şahmatçılardan ibarət komandamız da 6-cı turda Ermənistan şahmatçılarını üstələyib. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova rəqibi məğlub edib, Xanım Balacayeva və Gövhər Beydullayeva partiyanı heç-heçə ilə bitirib. 3-1 hesablı qələbədən sonra xanım şahmatçıların xalı 8-ə çatıb.
Qeyd edək ki, oktyabrın 11-i Avropa çempionatında istirahət günüdür. Qitə çempionatına oktyabrın 14-də yekun vurulacaq.