Azərbaycan və Rusiya prezidentlərinin oktyabrın 9-u Düşənbədə keçirilən görüşü iki dövlət arasındakı münasibətlərdə yeni səhifə açmış oldu.
Bunu Trend-ə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
O qeyd edib ki, bu görüş Azərbaycanın AZAL təyyarəsi ilə bağlı tələblərinin qəbul edilməsi ilə yanaşı, həm də anti-Azərbaycan qüvvələrinin məğlubiyyəti ilə əlamətdar oldu: "2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin Rusiya səmasında vurulması və Qazaxıstanın Aktau şəhərində qəza enişi etməsi, hadisə nəticəsində xeyli sayda insanın həlak olması ölkəmizdə ciddi məyusluq və narahatlığa səbəb oldu. Bunun bir səbəbi məlum hadisə olsa da, digər səbəbi Rusiyanın baş verənlərdən sonra məsuliyyəti öz üzərinə götürməməsi idi. Həmin vaxt Rusiyanın dövlət başçısı Prezident İlham Əliyevlə telefon danışığında ölkəmizdən üzr istəsə də, Azərbaycanın digər iki tələbinin - günahkarların müəyyənləşdirilərək cəzalandırılması və həlak olanların ailələrinə kompensasiyanın verilməsinin təmin olunmaması ilə bağlı üzərilərinə heç bir öhdəlik götürmək istəmirdi. Düşənbə görüşündə isə Rusiya Prezidenti ölkəmizdən növbəti dəfə üzr istəməklə yanaşı, bu iki tələbi də yerinə yetirəcəyinə söz verdi. Bununla da, Azərbaycanın Rusiya ilə bağlı gözləntiləri özünü doğrultdu. Düşənbə görüşü Azərbaycanın, Müzəffər Ali Baş Komandanın növbəti diplomatik nailiyyəti kimi tarixdə qaldı. Bununla yanaşı, bu görüş həm də anti-Azərbaycan qüvvələri üçün ağır məğlubiyyət və böyük məyusluq oldu. Çünki başda ermənipərəst qüvvələr olmaqla, bir sıra güclər Azərbaycanla Rusiya arasında uzunmüddətli gərginliyin yaşanmasına çalışır, iki ölkə arasındakı münasibətlərin pisləşməsinə səy göstərirdi. Lakin Düşənbə görüşü sübut etdi ki, həm Azərbaycan, həm də Rusiya ikitərəfli münasibətlərin inkişafında maraqlıdır və bu istiqamətdə səylər yaxın gələcəkdə də davam etdiriləcək".