AZ

Aİ-dən Putinlə bağlı Tacikistana ÇAĞIRIŞ: Dərhal həbs edin!

Avropa İttifaqı Tacikistan hakimiyyətini Rusiya prezidenti Vladimir Putini həbs etməyə çağırıb.

Məlum olduğu kimi, Putin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) çıxardığı həbs qərarına baxmayaraq Tacikistanda səfərdədir. Lakin Tacikistan Roma Statutunun iştirakçısı olmasına baxmayaraq, sənəddən irəli gələn öhdəliklərini yerinə yetirməyib.

Musavat.com xəbər verir ki, bu barədə Avropa İttifaqının Tacikistandakı nümayəndəliyinin yaydığı bəyanatda bildirilir.

“Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinə qarşı beynəlxalq cinayətlərə, xüsusilə Ukraynaya qarşı qeyri-qanuni təcavüzkar müharibə çərçivəsində Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən uşaqların qanunsuz deportasiyası və köçürülməsi ilə bağlı iddia edilən əməllərinə görə həbs qərarı çıxarıb”, - bəyanatda vurğulanır.

Aİ bəyan edib ki, beynəlxalq hüquq çərçivəsində bütün cinayətlərə, o cümlədən Rusiyanın təcavüzkar müharibəsi nəticəsində baş verən insan haqları pozuntularına görə məsuliyyətin təmin olunması səylərinə tam dəstək verir.

Sənəddə həmçinin qeyd olunur ki, Avropa İttifaqı Beynəlxalq Cinayət Məhkəməsinə və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə “sarsılmaz dəstəyini” bir daha təsdiqləyir.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr