Türkiyədə bu ilin avqust ayının sonunadək ölkənin 18 kruiz limanı ümumilikdə 1,5 milyon sərnişin qəbul edib.
Bu göstərici son 12 ilin ən yüksək nəticəsi olmaqla, Türkiyənin beynəlxalq kruiz turizmində yüksələn mövqeyini bir daha təsdiqləyir. 2025-ci ilin ilk səkkiz ayının yekunlarına görə, kruiz gəmilərinin sayı ötən illə müqayisədə 17 faiz artaraq 878-ə çatıb (2024-cü ildə 753). Sərnişin sayı 2023-cü illə müqayisədə 56 faiz, 2024-cü illə müqayisədə isə 18 faiz artım nümayiş etdirib. Yalnız avqust ayında 357 min 646 sərnişin qəbul olunub ki, bu da bütün dövrlərin ən yüksək aylıq göstəricisi kimi qeydə alınıb. İlin sonuna qədər Türkiyənin 600 min sərnişin hədəfini keçəcəyi proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 130 faizlik artım deməkdir.
Qeyd edək ki, ölkəmizdə turizm prioritet olsa da, bu sahədə bir sıra turizm növləri hələ də tətbiq edilmir. Onlardan biri də məhz dəniz səyahətləri ilə bağlıdır. Hazırda Xəzər dənizində turistlərin gəmilərlə səfərləri təşkil edilmir. Halbuki bir sıra dünya ölkələri məhz bu səyahətlərə çox sayda turist cəlb edirlər.
Azərbaycanda niyə dəniz turizmi aktuallaşmır?
Məsələ ilə bağlı turizm üzrə ekspert Ceyhun Aşurov “Cebheinfo.az”-a bildirib ki, dənizin inkişaf potensialı ilə bağlı məsələ aktualdır:
“Hətta 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd edilib ki, Xəzər dənizinin imkanlarından turizm məqsədilə istifadə edilməlidir. Burada dənizdə müəyyən səyahətlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdu. Lakin COVID-19, quru sərhədlərin bağlı olması kimi məsələlər ortaya çıxdı. Ancaq gələcəkdə Xəzər dənizinin sularından istifadə etmək olar. Xəzər göldür və okeanıa əlaqəsi olmadığına görə iri kruiz gəmilərinin buraya yan alması real görünmür. Ancaq müxtəlif gəmilərdən turizm məqsədilə, qısamüddətli səyahətlər üçün istifadə oluna bilər. Yaxud Bakının 2040-cı ilədək olan Baş Planına əsasən adalardan turistik məqsədlərlə istifadə edilməsi, gəmilərlə səyahət təşkil oluna bilər. Kruiz yox, bir neçə saatlıq gəmilərlə dəniz səyahətləri turistlər üçün maraqlı ola bilər”.
Ekspert deyir ki, bu istiqamətdə hər hansı bir addımın atıldığını müşahidə etməyib:
“Bəlkə də Xəzər Dəniz Gəmiçiliyi ilə Dövlət Turizm Agentliyinin danışıqları olub. Bakı Bulvarında yarım saatlıq gəmi turu var idi. Onun belə olması bizim şəhərin qonaqları, vətəndaşlar üçün çox maraqlı olardı. Məsələn, Türkiyədə 3-5 saatlıq belə dəniz turları var. Burada adətən şoular göstərilir, yemək, bir qədər iri gəmilərdə musiqili tədbirlərlə bunu reallaşdırmaq olur ki, bununla da gələn qonaqlara əyləncə təqdim edirlər. Bizdə o potensial var. Ən azı bu kimi tədbirlər etmək olar. Məsələn, Xəzər dənizində axşam saat 6-da gedib, saat 10-da geri dönmək şərtilə adaların yanından keçməklə bir marşrut hazırlamaq maraqlı olardı.
Bu gün bizdə dəniz də, gəmi də var. Bunun üçün müxtəlif qurumlar bir-biri ilə koordinasiyalı çalışmalıdırlar. Bu, yalnız Dövlət Turizm Agentliyindən asılı deyil. Burada dənizə baxan qurumlar da rol oynayır. Yəqin ki, bu qurumlar tərəfindən sıx maraq göstərilmir. İş adamları buna həvəslidirlər. Vaxtilə turizm şirkətləri tərəfindən buna cəhdlər olub. Ancaq nəticə olaraq dənizin potensialından, eyni zamanda gəmilərdən istifadə olunmayıb”.