AZ

Əcnəbilərlə ailə quranların sayı durmadan artır...


Aynur Əliyeva: “Əcnəbi vətəndaşla ailə qurub ölkədən getmək daha asandır, amma bunu konkret olaraq bir səbəblə bağlamaq düzgün deyil”

Son illər Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikaha girmə halları artır. Bu ilin 9 ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 570 nikah bağlanıb. Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, onlardan 858-i Azərbaycan vətəndaşı olan kişi, 712-si isə qadındır.

Məlumata görə, daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan vətəndaşları ilə nikah bağlanıb.

Maraqlıdır, azərbaycanlıların əcnəbilərlə ailə qurmasının səbəbi nədir?

“Azərbaycanlı qadınlara xaricilərin həyat tərzi, kişilərin qadına verdiyi dəyər daha cəlbedici görünür”

Psixoloq Aynur Əliyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, fərqli ölkələrdə yaşamaq, ailə qurmaq insanlara cəlbedici gəlir: “Bəzən həmin ölkədə karyera imkanlarının daha yaxşı olduğunu, bəzən təhsil imkanlarının daha əlverişli olduğunu düşünərək məqsədli şəkildə, bəzi hallarda heç bir məqsəd olmadan sadəcə sevgi üçün ailə qururlar. Nə qədər çox əcnəbi ilə evlilik var, bir o qədər də səbəb var. Səbəblər insandan-insana dəyişir. Bəzən ailə qurmaq xatirinə, xüsusilə qızlarımız sevib-seçib başqa ölkəyə gedirlər, getdikdən sonra hər şeyin saxta olduğunun fərqinə varırlar. Ya insan alverinin qurbanına çevrilirlər, ya fahişəliyə məcbur edilirlər, yaxud da elə getdikləri ailədə kölə kimi işlədilirlər, işçi qüvvəsi kimi istifadə olunurlar. Sevdim, seçdim, getdim nümunəsi olmamalıdır, mütləq qaydada bir-birinə qarşı məlumat azlığı doldurulmalıdır.

Qadınlarımız ümid edirlər ki, əcnəbilərlə ailə qursalar, yaxşı günə çıxacaqlar. Bununla yaxşı güzəran əldə etməyə çalışır, üstün bir toplumda yaşayacaqlarına arxayın olurlar. Amma maraqlıdır ki, qadınlardan fərqli, azərbaycanlı kişilər Avropa qadınları ilə evlənməyi sevmirlər. Bunun səbəbi kişilərin mentalitet fərqinə daha həssaslıq nümayiş etdirməsidir. Azərbaycanlı qadınlar üçünsə xaricilərin həyat tərzi, kişilərin qadına verdiyi dəyər daha cəlbedici görünür. Çünki Avropa kişilərinin centlemen davranışları bizim kişilərdən daha çoxdur. Fikrimcə, azərbaycanlı kişilərin qadınla davranışı daha qüsurludur. Qadına xəyanət etməyin məqbul sayılması da bir başqa problemdir. Bu baxımdan, qadınların, qızların əcnəbilərlə ailə qurmasında bizim kişilərin də müəyyən mənada günahı var. Çünki bizdə kişilər öz qadınlarımızın qədrini bilmir. Əcnəbi hətta gedib bardan ən pis fahişəni götürüb arvad edir. Bizim kişilərsə analarına qulluqçu axtarırlar. Bu mənada kişilərin düşüncə tərzinin dəyişməsi vacib məqamdır”.

Həmsöhbətimizin dediyinə görə, son illər ərzində cəmiyyətdə insanların fikirləri, hadisələrə baxış bucağı xeyli dəyişib: “Əvvəllər əcnəbi ilə ailə quranların sayı tək-tük idi. Hər kəs də həmin ailəyə qəribə münasibət göstərirdi. Qloballaşma dövründə bu artıq adi hala çevrilib. Bütün ölkələr bir-birinə yaxınlaşır. Fikir verirsinizsə, son illər ərzində ölkədən getmək istəyən insanların sayı xeyli artıb. Əcnəbi həyat yoldaşı da onlar üçün bir vasitə kimi ideal seçimdir. Çünki əcnəbi vətəndaşla ailə qurub ölkədən getmək daha asandır. Amma bunu konkret olaraq bir səbəblə bağlamaq düzgün deyil. Digər tərəfdən, insanların dünyagörüşü getdikcə fərqli istiqamətdə dəyişir. Əslində bu prosesin sürətlənməyi o qədər də yaxşı hal kimi qiymətləndirilməməlidir. Dünyanın bütün ölkələrində əcnəbilərlə ailə quran insanlar var. Amma ümumi nisbətdə bu, üstünlük təşkil etməməlidir. Çalışmalıyıq ki, ölkənin etnik tərkibində böyük dəyişiklik olmasın”.

Günel CƏLİLOVA

Seçilən
12
baki-xeber.com

1Mənbələr