AZ

Maşın sürmək üçün etibarnamə tələbi çox biabırçı və gülünc görünür Ekspertdən ETİRAZ

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Etibarnamə məsələsi həqiqətən artıq çox böyük narazılıqlara səbəb olur və düşünürəm ki, bunun da həlli yolu var. Həqiqətən bir çox ölkələr artıq bundan imtina edib. Tamamilə imtina edən ölkələr var və yaxud da başqa formata keçən ölkələr var. Belə deyək, imtina edən ölkələr Avropa ölkələridir. Asiya ölkələrində də artıq bu yayılıb. Amma təəssüf ki, Azərbaycanda bundan əl çəkmək istəmirik, bərk-bərk yapışmışıq ki, mütləq etibarnamə olmalıdır. Hətta ər-arvad arasında absurd bir etibarnamə məsələsi var".

Bu fikirləri Redaktor.az-a avtomobillərin ailə üzvləri və digər şəxslər tərəfindən etibarnamə ilə sürülməsindən bəhs edən nəqliyyat eksperti Elməddin Muradlı bildirdi.

Onun sözlərinə görə, birgə nikah dövründə əldə olunmuş əmlaka hər iki tərəfin hüququ çatdığı halda, Konstitusiya Məhkəməsi belə götürüb rəy verib ki, sürücülər, ya ər, ya arvad bunu təsdiq edəcək sənəd təqdim etsə, o zaman polis cərimə yaza bilməz:

"İndi bunu təsdiq etmək üçün də sürücü, hər iki tərəf, yəni ər və arvad notariusa getməlidir, orada təsdiqləməlidirlər, hansısa sənədləri yığmalıdırlar, uzun bir prosesdən keçməlidirlər ki, bəli, biz təsdiq edirik ki, bu əmlak, bu maşın bizim nikah dövründə əldə olunub. Mən də deyirəm ki, bunun sadə yolu var da. Sadə yolu odur ki, get sürmək üçün etibarnamə al da. Amma neynirsən, bu qədər tər tökürsən, əziyyət çəkirsən? Yəni bunlar bürokratik əngəllərdir. Hamısı aradan qaldırılmalıdır".

Ekspert əlavə etdi ki, Özbəkistan təcrübəsi çox maraqlı təcrübədir:

"Bacı, qardaş, ata, ana, baba, nənə, nəvə arasında etibarnaməyə heç bir ehtiyac qalmayıb. Bizdə isə gətirib elə vəziyyətə çıxardırlar ki, ər-arvad arasında belə məsələ qəlizləşib. Bu, lazımsız bir hərəkətdir, düşünürəm ki, bunu artıq həll etməyin vaxtıdır və hətta tezliklə həll edilməlidir. Ola bilsin indi hansısa notarius şirkəti pul qazanmaq üçün bu biznesi qurub, iş görürlər, amma bundan əl çəkmək lazımdır. Yəni həqiqətən çox biabırçı və gülünc görünür. Bir çox Avropa ölkələrində artıq qayda belədir ki, texniki pasport kimin əlindədirsə, sürmək hüququ da ondadır. Oğurluq olarsa, polis qarşısını ala bilər. Bu, polisin işidir. Yəni polisin işi vətəndaşın boynunda qalmamalıdır. İndi məsələni bir çox ölkələr belə həll edirlər: sığorta sistemində sığortaçını elə qururlar ki, avtomobili sürən şəxslər sadəcə sığorta sistemində məlumatı daxil edirlər, maşını sürürlər, vəssalam. Başqası sürürsə, məsuliyyət onda yaranır. Bizdə də bunun ortaq yolunu tapa bilərik. Təki bu mənasız sənəd sayılan etibarnamə ləğv olunsun. Onlayn sistem qurmaq lazımdır. Adam girsin telefonda öz məlumatlarını qeyd etsin və bildirsin ki, mənə məxsus maşını bu gün Əli sürür, sabah Vəli sürür, birisi gün Pirvəli sürür. Bununla bu məsələ həll olunmalıdır, yoxsa etibarnamən yoxdur, 40 manat cərimə yazırlar, maşını cərimə meydançasına aparırlar, nələr baş verir, nələr. Bunların hamısı lazımsızdır. Yəni artıq dünya bu sahədə çox irəli gedib, biz geridə qalmışıq".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
redaktor.az

2Mənbələr