AZ

Dollar ucuzlaşır, gümüş bahalaşır, qızıl isə… KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dünya bazarlarında gümüş qiymətləri 45 ildən sonra tarixi rekordu qırıb. Qızıl sabit bir unsiya üçün 4030-4040 dollara satılıb, gümüş isə 1,6 faiz artaraq 49,67 dollar/unsiya olub. Maraqlıdır, bu, qlobal iqtisadiyyatda hansı dəyişikliklərin siqnalı ola bilər?

İqtisadçı Kənan Quluzadə KONKRET.az-a açıqlamasında bildirib ki, bu hadisə sadəcə metal bazarında qiymət sıçrayışı deyil, həm də qlobal iqtisadiyyatın dərin transformasiyalarının göstəricisidir.

“Gümüş qiymətlərindəki rekord artım ilk növbədə aparıcı mərkəzi bankların siyasətinə bağlıdır. ABŞ Federal Ehtiyat Sisteminin sərt faiz artımı dövrünü arxada qoyaraq yumşalmaya yönələcəyi barədə gözləntilər dollarda zəifləməyə səbəb olur. Dollar ucuzlaşdıqca gümüş kimi dollarla qiymətlənən əmtəələr daha sürətlə bahalaşır. Bu tendensiya qlobal kapital bazarlarının artıq yeni monetar dövrə qədəm qoyduğunu göstərir.

İnvestorların gümüşə marağının artması, onun qızıl kimi inflyasiyaya qarşı qorunma aləti kimi qəbul edilməyə başladığını nümayiş etdirir. Geosiyasi risklərin çoxaldığı bir dövrdə, Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginliklər, Asiyada ticarət zəncirlərinin dəyişməsi sərmayədarlar portfellərində daha çox təhlükəsiz investisiya axtarırlar. Gümüşün rekord səviyyəyə çatması həm də uzunmüddətli inflyasiya qorxusunun bazarlarda daha ciddi şəkildə qəbul edildiyini göstərir”.

İqtisadçı qeyd edir ki, ən mühüm siqnallardan biri struktur xarakter daşıyır.

“Gümüş günəş panellərində, elektronika və digər yüksək texnologiyalı məhsullarda əsas xammal rolunu oynayır. Dünya bərpa olunan enerji və yaşıl texnologiyalara keçdikcə bu metalın istehlakı da sürətlə artır. Günəş panellərinin qlobal miqyasda genişlənməsi gümüş bazarına uzunmüddətli tələbi təmin edir.

Beləliklə, rekord qiymət həm də yeni sənaye dövrünün başlanğıcını əks etdirir”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
konkret.az

2Mənbələr