AZ

“Gənclər bütün günü çayxanalarda olurlar” - Gəncədə narahatlıq doğuran durum

Gəncədə son aylarda yeniyetmə və gənclərlə bağlı baş verən hadisələr böyük əks-səda doğurub. Bu il mayın 12-də Gəncə Dövlət Texnologiya Universitetinin istifadə olunmayan yataqxanasında 11-ci sinif şagirdi Elgün İbrahimovun meyiti tapılıb. İyunun 6-da şəhərdə yeniyetmə bıçaqlanıb. Oktyabrin 8-də 16 yaşlı Vaqif Rəfibəyli bıçaqlanaraq öldürülüb. Gəncədə həmçinin, yeniyetmə və gənclərin tez-tez itkin düşməsi hallarına rast gəlinir.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyev bildirib ki, hadisələrin bu şəkildə çoxalması tək Gəncədə deyil, bütün ölkədə narahatlıq doğurur:

“Ümumiyyətlə, qəsdən törədilən cinayətlərin səbəbləri sırasına sosial səbəblər – işsizlik, yoxsulluq daxildir. Bu, təkcə Azərbaycanda yox, bütün dünyada belədir. Zorakılığın artmasına müəyyən qədər filmlər, seriallar da təsir edir. Bu tipli filmlər həssas qrup arasında zorakılığın artmasına gətirib çıxarır. Hüquq aləmində bir deyim var: Ekstravaqant davranış. İnsanalr düşünür ki, “o edirsə, mən niyə etməyim?”.

Ş.Əliyevin fikrincə, bunun bir səbəbi də məktəblərdə tərbiyə işlərinin lazımi səviyyədə aparılmamasıdır:

“Bu faktlar onu göstərir ki, orta təhsil məktəblərində ümumtərbiyə işləri aşağı, bəzən də yarıtmaz səviyyədədir. Bu məsələdə direktorların, müəllimlərin, evdə isəvalideynlərin üzərinə məsuliyyət düşür. Təklif edirəm ki, tədris proqramlarına da milli-mənəvi dəyərlərin qorunması məsələsi salınsın. QHT-lərin rəhbərləri bu sahədə geniş layihələr həyata keçirməli, mühazirələr oxunmalıdırlar. Biz nə qədər profilaktik maarifləndirmə tədbirləri həyata keçirsək də, yeniyetmə ailənin güzgüsü sayılır, onu təmsil edir. Ailə necədirsə, onun üzvü də elə olur.

Profilaktik tədbirlər cinayət hadisələrinin baş verməsinə qədər aparılmalıdır, cinayət baş verəndən sonra bu tədbirlərə lüzum yoxdur”.

Gəncədə yaşayan tarixçi Bəxtiyar Çələbi isə “Yeni Sabah”a bildirib ki, yeniyetmələr, gənclər arasında cinayətkarlığın artması tək adıçəkilən şəhərin deyil, Azərbaycanın problemidir. Onun sözlərinə görə, son zamanlar qeydə alınan cinayətlərin böyük hissəsini məhz gənclər törədir: “Xüsusilə də Gəncədə bu hal baş verir, bu 6-7-ci hadisədir”.

Tarixçi problemin həllini ilk növbədə məşğulluğun artırılmasında görür: “Gənclər ya narkotikdən ölür, ya intihar edir, ya da kimsə onları bıçaqlayır. Kriminal vəziyyət gərginləşə-gərginləşə gedir. Bu, sosial bəla deyil, lakin hadisələr sosial bəlanın yavaş-yavaş yaxınlaşdığını göstərir. Vaxtında qarşısı alınmalıdır”.

B.Çələbi söyləyib ki, ilk növbədə Gəncədə iş yerləri açılmalıdır: “Heç olmasa gənclərin məşğulluğunu tənin etməliyik.Bu, insanların küçələrdə boş gəzməsinin qarşısını alar. Gəlin Gəncədə çayxanalara baxın, hamısı gənclərdir, səhərdən axşama kimi orada otururlar, çünki işləri yoxdur. İnsanların hamısı ali təhsil ala bilməz, onların bəzilərini məşğulluqla təmin etmək lazımdır. Gəncə əhalisinə görə Azərbaycanın üçüncü şəhəridir, lakin insanların çoxu burada işsizdir”.

Tarixçi əlavə edib ki, gənclərin bir hissəsi təhsildən uzaq düşüb və bu da vəziyyəti daha da pisləşdirir:

“İkinci məsələ uşaqların çoxunun təhsildən kənar düşməsidir. Uşaqların bir hissəsi hazırlıqlara gedir, digər hissəsi isə dərslərə girmir. 9, 10, 11-ci siniflər arasında monitorinq keçirilsə, görəcəklər ki, yuxarı siniflərdə uşaq çox azdır. Uşaqlar təhsildən ayrı düşməməlidir, daim təhsil prosesində olmalıdır. Çünki məktəb yeganə instansiyadır ki, bura təkcə təhsil deyil, həm də uşaqların tərbiyə edilməsinə təsir göstərir. Müəllim orta məktəbdə uşaq üçün canlı nümunə rolunu oynayır”.

Onun fikrincə, üçüncü məsələ isə profilaktika tədbirlərinin keçirilməməsidir. B.Çələbi vurğulayıb ki, hələ sovet dövründə məktəblərdə tez-tez profilaktika tədbirləri keçirilirdi, şagirdlər yoxlanırdı, onların geyim-kecimi, üstlərində gəzdirdiklərinə nəzarət olunurdu: “Bu gün yeniyetmələr arasında kimi dindirirsən, cibində bıçaq var. Polis onları yoxlamalı, məktəblərdə profilaktika keçirilməlidir. Yeniyetmələr tərbiyə edilməlidir, narkomaniyaya qarşı tədbirlər görülməlidir. İnsanların üzərində gəzdirdikləri soyuq silahlar yığışdırılmalıdır. Bunu həm məktəb direktorlarının qarşısına vəzifə kimi qoymaq lazımdır, həm də polis əməkdaşları məsələyə nəzarət etməlidir”.

Onun fikrincə, maarifləndirici işlərə də ehtiyac var. Tarixçinin sözlərinə görə, bu istiqamətdə addımlar atılmasa, gənclər arasında cinayətkarlıq yaxın illərdə daha ciddi sosial problemə çevriləcək:

B.Çələbi vurğulayıb ki, üstəgəl, maarifləndirici tədbirlər də vacibdir, yeniyetmələrə filmlər, video-çarxlar göstərilməlidir: “Tədbirlərdə krimal filmlər, bunu təbliğ edən mahnıların oxudulmasının qarşısı alınmalıdır. Şəxsi həyatında kim nəyə istəyir qulaq asa bilər, amma rəsmi dövlət tədbirində “Gəncə və gəncəlilər” mahnısı niyə oxudulmalıdır? Gəncə Nizamisi, Şeyxzamanovları, Rəfibəyliləri ilə daim fəxr edən şəhər olub, indi Gəncə “vor”la, oğru ilə, ciqanla fəxr edir. Belə şey olar?!

Gənclik bizim gələcəyimizdir. Bizim gələcəyimizi indiki meyarların üzərində qurururq. Gənclər o meyarların üzərində tərbiyə almalıdır. Biz indi addım atmasaq, gələcəkdə bu, çox böyük sosial problemə çevriləcək”.

Seçilən
3
4
turkustan.az

5Mənbələr