AZ

Azərbaycanın regional liderliyi güclənir

Azərbaycanın xarici siyasət strategiyası qarşılıqlı hörmət, bərabərlik və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlərin qurulmasına istiqamətlənib. Ölkəmiz beynəlxalq təşkilatlar və regional ittifaqlarla əməkdaşlıqda hüquqi çərçivəyə və qarşılıqlı maraqlara söykənən əlaqələrin inkişafını prioritet hesab edir. Bu kontekstdə Azərbaycan öz milli maraqları çərçivəsində Müstəqil Dövlətlər Birliyi ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə mühüm əhəmiyyət verir. Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbəyə səfəri və keçirdiyi bir sıra yüksək səviyyəli görüşlər olduqca əhəmiyyətli keçdi. Regional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraqların müzakirəsi baxımından bu səfər Azərbaycan-Tacikistan, eləcə də MDB ölkələri arasında münasibətlərin inkişafı üçün mühüm addım kimi yadda qaldı. 

Əvvala, Prezident İlham Əliyevlə Vladimir Putin arasında baş tutan son görüş Azərbaycan-Rusiya münasibətlərində həm qarşılıqlı hörmətin, həm də siyasi yetkinliyin bariz nümunəsi oldu. Qəza ilə bağlı Rusiya Prezidentinin təqdim etdiyi izahat, kompensasiya və hüquqi qiymətləndirməyə dair ifadə olunan iradə Moskvanın Bakı ilə münasibətləri həssaslıqla qorumağa çalışdığını göstərdi.
İkincisi, Prezident İlham Əliyev emosional ritorikadan kənar ölçülü və dövlətçilik yanaşması ilə Azərbaycanın prinsipial və balanslı mövqeyini nümayiş etdirdi. Azərbaycan liderinin verdiyi mesaj onun təsdiqi kimi yadda qaldı ki, rəsmi Bakı münasibətləri emosiyalarla deyil, milli maraqlara və strateji tərəfdaşlığa əsaslanaraq idarə edir.

Üçüncüsu, bu görüş sübut etdi ki, Bakı və Moskva arasında əlaqələr təkcə gündəlik siyasi hadisələrlə deyil, daha geniş geosiyasi baxışla formalaşır. Tərəflər arasında qurulmuş əməkdaşlıq modeli artıq situativ yox, uzunmüddətli və davamlı xarakter daşıyır. Məhz bu baxımdan hər iki ölkə qarşılaşdığı çətinliklərə baxmayaraq strateji kursdan yayınmadan münasibətləri möhkəmləndirmək niyyətindədir. 
Bununla yanaşı Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında etdiyi çıxış da xüsusi əhəmiyyət kəsb etdi.  Prezident çıxışında Azərbaycanla Tacikistan arasındakı strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin regionun geosiyasi sabitliyinə və əməkdaşlıq potensialına mühüm töhfə verdiyini qeyd etdi. Azərbaycan lideri humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinin regional inteqrasiya prosesində vacib amil olduğunu vurğulayaraq Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsini uzun illər davam edən işğaldan sonra azad olunmuş ərazilərdə dövlət quruculuğu və dirçəliş strategiyasının beynəlxalq səviyyədə tanınması kimi dəyərləndirir. Prezident həmçinin III MDB Oyunlarının Gəncə və digər şəhərlərdə keçirilməsini MDB ölkələri arasında qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də Azərbaycanın regional nüfuzunun və təsir dairəsinin genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirdi. Dövlətimizin başçısının Tacikistan səfəri olduqca önəmli siyasi və strateji əhəmiyyət daşıdı. Prezident İlham Əliyevin Düşənbədəki çıxışı və görüşləri Azərbaycanın regional əməkdaşlıqda fəal rolunu bir daha nümayiş etdirdi. Bu səfər MDB məkanında Azərbaycanın mövqeyinin güclənməsi baxımından mühüm siyasi addım kimi yadda qaldı.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Seçilən
7
2
xalqqazeti.az

3Mənbələr