“Bu oyunda iradə göstərmək lazımdır”.
Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Tərlan Əhmədov deyib.
Mütəxəssis Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində bu gün Fransa ilə keçirəcəyi matç haqqında fikirlərini bölüşüb:
“Rəqibin indiki heyətinə baxanda görürük ki, futbolçuların hamısı top komandalarda çıxış edir. Heyət demək olar ki, dünya ulduzlarından ibarətdir. Bizim milli komanda isə ötən il C liqasından D liqasına yuvarlanıb. Gedişat onu göstərir ki, biz sonuncu pillədə qalacağıq, nəinki irəli gedəcəyik. Fransa ilə axşamkı oyun isə çox ağır olacaq. Açıq futbola getmək olmaz, buna gücümüz də çatmayacaq. Heyətə baxanda görürük ki, futbolçularımızın çoxu öz klublarında əsas heyətə düşə bilmir. Bu baxımdan bizim futbolçuların fərdi ustalığı da Fransa yığmasının oyunçuları kimi yüksək səviyyədə deyil. Fiziki durumlarını da müqayisə etmək olmaz. Artıq qorxacaq nəsə qalmayıb. Rəqibin fərdi ustalıq səviyyəsi yüksək olan futbolçularının qarşısını almaq lazımdır. Onların oyunu dəyişəcək güclü futbolçuları var. Bizim heyət barədə çox danışmaq istəmirəm, hər halda Ayxan Abasov bilir, kimi oynatmaq lazımdır. Bircə Rüfət Abdullazadənin çağırılmaması mənim üçün qaranlıq qaldı. O, yaxşı futbol oynayır, baxımlı qollar vurur”.
Mütəxəssis bildirib ki, məğlubiyyət qaçılmazdır:
“Nəticəni demək çətindir. Ancaq düşünmürəm ki, biz ikinci “Oser faciəsi”ni yaşayaq. Buna inanmıram, inanmaq da istəmirəm. Nəzərə almaq lazımdır ki, doxsanıncı illərdəki şəraitlə indiki şərait eyni deyil. İradə göstərilməlidir ki, məğlubiyyət yaşansa belə, minimal hesab olsun. Rəqib həddindən artıq güclüdür. İstənilən halda reallıq budur ki, yığmamız məğlub olacaq. Məğlubiyyət qaçılmazdır. Ancaq mümkünsüz nəsə yoxdur. Azərbaycan yığması yeri gələndə Portuqaliyadan da xal alıb. Təbii ki, Fransadan xal almaq ehtimalı sıfıra bərabərdir. Ancaq müdafiədə oturub mübarizə aparmaqla nəyəsə nail olmaq mümkündür. Yığmamıza axşamkı oyunda uğurlar arzulayıram”.
Qeyd edək ki, “Park de Prens” stadionunda keçiriləcək Fransa–Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.