AZ

Xalq şairi Nəbi Xəzrinin 13 yaşında şeir dediyi görüntülər –"Pak ruhumu yad edəcəksən" /1938-ci il /VİDEO

Xalq şairi, mərhum Nəbi Xəzrinin məktəbli yaşında şeir dediyi görüntülər paylaşılıb. 

AzPost bildirir ki, 1938-ci ildə lentə alınmış bu görüntülərdə 13 yaşlı pioner Nəbi emosional tonda şeir söyləyir.

87 il əvvəl çəkilmiş bu kadrlar maraqla qarşılanıb.

Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olub.

O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. O, 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləyib. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olub.

1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı olub.

Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə — “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.

“İllər və sahillər” (1969), “Ulduz karvanı” (1979), “Nəsillər-əsrlər” (1985), “Ağ şimşəklər” (1986), “Torpaq sənə and içirəm” (1989), “Ömür çinarından yarpaqlar” (1995), “Əsrin qanlı laləsi” (1996) və s. kitabların müəllifidir.

Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də vəfat edib, 1-ci Fəxri Xiyabanda dəfn edilib.

Seçilən
15
1
azpost.info

2Mənbələr