AZ

"Bakı üçün əsas məqsəd Rusiya ilə münasibətləri nə asılılıq, nə də qarşıdurma xəttinə salmamaqdır" - AÇIQLAMA

"Bakı üçün əsas məqsəd Rusiya ilə münasibətləri nə asılılıq, nə də qarşıdurma xəttinə salmamaqdır" - AÇIQLAMATacikistan paytaxtı Düşənbədə keçiriləcək MDB ölkələri liderlərinin sammiti ərəfəsində Azərbaycan və Rusiya Prezidentləri - İlham Əliyev və Vladimir Putinin təkbətək görüşü olub.

Görüşdə iki ölkə arasında müəyyən məsələlər ətrafında yaranmış problemlər müzakirə olunub. Aparılmış müzakirələr ikitərəfli münasibətlərin tam normal məcraya yönəldiyini göstərib.

"Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin son görüşü, uzun fasilədən sonra baş tutan mühüm siyasi təmas kimi dəyərləndirilməlidir" , - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Bu görüş, tərəflər arasında bir müddət müşahidə olunan soyuqluğun aradan qalxması yönündə ciddi siqnal kimi oxunur. Əslində, iki ölkə arasında münasibətlərdə "gərginlik" anlayışı formal yox, daha çox diplomatik pauza xarakteri daşıyırdı. Hər iki tərəf strateji maraqların ziddiyyətə düşməməsi üçün münasibətləri açıq qarşıdurma səviyyəsinə gətirmədi. Görüşün baş tutması həm Moskva, həm də Bakı üçün bir növ "yenidən dialoqa dönüş" jestidir.

Rusiya, Cənubi Qafqazda təsir imkanlarını qorumağa çalışır və bu baxımdan Azərbaycanla əlaqələrin pozulması Kremlin geosiyasi planına uyğun olmazdı. Digər tərəfdən, Bakı da öz milli maraqlarını regional sabitlik fonunda təmin etmək istəyir. Əliyev-Putin görüşü bu baxımdan balanslaşdırılmış və rasional siyasətin davamı kimi görünür. Tərəflər enerji, nəqliyyat və təhlükəsizlik məsələlərində əməkdaşlığı qorumağın vacibliyini vurğuladılar. Bu, həm də Qərb-Rusiya rəqabətinin sərtləşdiyi dönəmdə Azərbaycanın çoxvektorlu siyasətinin davamıdır.

Bakı üçün əsas məqsəd Rusiya ilə münasibətləri nə asılılıq, nə də qarşıdurma xəttinə salmamaqdır. Moskva isə Bakı ilə münasibətləri itirmədən regionda "post-Qarabağ" dövründəki yeni reallıqlara uyğunlaşmaq istəyir. Bu görüş həmçinin Alyaska sammitindən sonra Moskvanın regionla bağlı taktiki korrektələr apardığını da göstərir. Rusiya indi daha çox əməkdaşlıq dili ilə danışmaq zərurətini hiss edir. Azərbaycan da bu fürsətdən istifadə edərək öz strateji mövqelərini daha da möhkəmləndirir.

Ümumilikdə, Əliyev-Putin görüşü münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Gərginlik tam aradan qalxıb demək tezdir, amma tərəflər dialoqun vacibliyini qəbul ediblər. Bu isə gələcək üçün müsbət siqnaldır. Diplomatiyada sükut bəzən narahatlıq yaradır, amma bu dəfə sükutdan sonra gələn görüş, əksinə, sabitlik ümidini artırdı".

Seçilən
24
50
sonxeber.az

10Mənbələr