AZ

Məşhur həkim Qarabağ əlilinin ölümündə günahkardır?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə yayılan bir şikayət Azərbaycanda səhiyyə sistemindəki ciddi problemləri bir daha gündəmə gətirib.

Belə ki, II qrup müharibə əlili Zeynalov Qabil Mabəddin oğlunun ailəsi, onun Mərkəzi Klinika və oranın kardioloqu Firdovsi İbrahimov tərəfindən təzyiq və haqsızlığa məruz qalması ilə bağlı sosial şəbəkələrdə etirazlarını ifadə ediblər.

Bildirilib ki, Zeynalov Qabil yüksək şəkərli diabet, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkib. Bu səbəbdən o, 18 aprel 2025-ci ildə Siyəzən Rayon Mərkəzi Xəstəxanasından Bakıya köçürülüb. Mərkəzi Klinikada kardioloq Firdovsi İbrahimov tərəfindən xəstənin ürək damarında angioplastika və stent qoyulması əməliyyatı həyata keçirilib. Həkim xəstənin vəziyyətini izləmək məqsədilə onu 26 aprel 2025-ci ildə təkrar müayinəyə çağırıb.

Lakin həmin tarixdə ailənin verdiyi məlumata görə, Mərkəzi Klinikanın qeydiyyat şöbəsində və Firdovsi İbrahimovun köməkçiləri tərəfindən qanunsuz ödəniş tələbləri irəli sürülüb, əks halda xəstəyə xidmət göstərilməyəcəyi bildirilib. Ailə üzvləri bunun qanunvericiliyə zidd olduğunu qeyd edirlər. İcbari Tibbi Sığorta Agentliyinin qaydalarına əsasən, müharibə əlilləri, xüsusilə də qeydiyyatda olduqları ərazi üzrə, pulsuz tibbi xidmət almaq hüququna malikdirlər.

İddialara görə, Firdovsi İbrahimov müharibə əlilinin müalicəsindən imtina edib, onu qəbul etməyərək ayrı-seçkilik və təzyiq göstərib. Bu hadisələr nəticəsində Zeynalov Qabil 27 aprel 2025-ci ildə dünyasını dəyişib. Ailə tərəfi mövcud videolar, səs yazıları və digər sübutlar əsasında məsələ ilə bağlı hüquqi addımlar atdığını, lakin prokurorluq orqanlarının məsələni ört-basdır etdiyini bildirir.

Bəs iddialarla bağlı hansı araşdırmalar aparılır?

Səhiyyə Nazirliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bununla bağlı məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir və istintaq araşdırması aparılır:

“Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 201.1-ci maddəsinə əsasən, “İstintaq sirrini təşkil edən məlumatların yayılması qadağandır. Bu məlumatlar yalnız istintaqı aparan orqanın icazəsi ilə açıqlana bilər”.

“İnformasiya əldə etmək haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən, cinayət işləri üzrə aparılan istintaqla bağlı məlumatlar açıqlanmayan (məhdudlaşdırılmış) informasiyalara aiddir.

Bu səbəbdən Səhiyyə Nazirliyi tərəfindən aparılan araşdırmaların nəticələri və digər məlumatlar istintaq orqanına təqdim edilir. İstintaq prosesi davam etdiyi müddətdə məlumatların ictimaiyyətə açıqlanması yalnız istintaq orqanının səlahiyyətinə aiddir”.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr