AZ

EKOLOGİYANI KORLAMAQ İNSANLARIN ÖZLƏRİNİ MƏHV EDİR

Bu gün dünyada ən böyük təhlükədən biri, bəlkə də birincisi ekologiyanın korlanması, havanın çirklənməsi, suya zərərli maddələrin axıdılması və torpağın məhv edilməsidir. Təbii ki, bunları Allah-Təala bizə qismət edib. Və bu gün  yer üzündə 8 milyarddan çox insan yaşayır. Əgər  bu insanlar  Allahın verdiyi bu gözəl sərvətləri qorumasalar, təbii ki, elə ilk növbədə  özlərini məhv edəcəklər. 

Bu mövzu  ilə bağlı gələcək yazılarımızda ətraflı söhbət açacağıq. Amma bu yazımızda havamızı çirkləndirən, onu yaman günə qoyan və atmosferə normadan artıq zərərli qazlar atan hüquqi, fiziki və vəzifəli şəxslərdən söhbət etmək istəyirik. Onu da qeyd edək ki, elə Bakı şəhərinin özü həddindən artıq çirkləndirilmiş bir şəhərdir. Daha doğrusu, onun havasına hər gün  yüzlərlə ton zərərli qazlar atılır. Bu isə o deməkdir ki, atmosfer çirkləndirilir, havamız yaman günə düşür və biz insanlar da kimliyindən asılı  olmayaraq həmin havanı udmağa məcburuq. 

Aydındır ki, ölkəmizdə  ekologiyanı, atmosferi, suyu və torpağı qorumaqla bağlı Dövlət Proqramları mövcuddur. Və Dövlət Proqramında hər bir qurumun, hər bir nazirliyin və hər bir vətəndaşın üzərinə düşən vəzifələr müəyyənləşdirilib. Çoxları elə təsəvvür edir ki, təbiəti qorumaq, onu mühafizə  etmək təkcə Təbii Sərvətlər və Ekologiya Nazirliyinin  vəzifəsidir. Qalan qurumlar əlini- əlinin üstünə qoyub rahatca təbiəti və ekologiyanı çirkləndirməlidir. Bu düşüncə ilə ekologiyaya  yanaşan hər hansı qurum elə ilk növbədə özünü çıxılmaz vəziyyətə qoyur. Ona görə də ekologiyanın və ətraf mühitin mühafizəsi hər bir qurumdan, hər bir nazirlikdən yüksək məsuliyyət və vətəndaşlıq hissi tələb edir.

Ekologiyanın, təmiz havanın qorunması  sahəsində birmənalı olaraq deyə bilərik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin də böyük xidmətləri var. Ən azından ona görə ki, bu iki qurum hər il iki dəfə ekologiyamızı qorumaq məqsədilə «Təmiz hava» aylığı keçirir. Bu «Təmiz hava» aylığının da məqsədi ondan ibarət olur ki, müxtəlif  istehsalat sahələrindən, fabrik-zavodlardan və nəqliyyat vasitələrindən atmosferə  normadan  artıq zərərli qazlar atılmasın. 

Heç şübhəsiz, bu məqsədlə yol polisi adını  çəkdiyimiz qurumla birlikdə reydlər keçirir, müəssisələrdə, istehsalat sahələrində olur və eləcə də Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postlarında reydlər təşkil edir. Öncə  hər iki qurum ekologiyanın mühafizəsi məqsədilə ayrı-ayrı istehsalat sahələrində hüquqi, fiziki və vəzifəli şəxslərlə maarifləndirici tədbirlər aparır. Bu tədbirlərin deyə bilərik ki, çox vaxt müsbət nəticəsi olur. Çünki tədbirlər zamanı mövcud nöqsanlar qeyd edilir, mütəxəssislər tərəfindən tövsiyyə verilir və məsləhətlər görülür. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində qeyd etdiyimiz nöqsanlar, yəni atmosferə normadan artıq zərərli qazların atılmasının qarşısı alınır. 

Yay və payız mövsümündə Baş Dövlət Yol Polisi İdarəsinin keçirdiyi «Təmiz hava» aylıqları onu göstərir ki, bu cür tədbirlərə çox böyük ehtiyac var. Belə ki, həmin tədbirlərdən sonra yüzlərlə, bəlkə də minlərlə texniki cəhətdən nasaz nəqliyyat vasitələrində yaranmış qüsurlar aradan qaldırılır. Əgər bu qüsurlar vaxtında aradan qaldırılmasa demək olar ki, atmosferə daha çox zərərli qazlar atılacaq. İdarənin  Ekoloji Nəzarət Bölüyü vaxtaşırı olaraq stasionar postda texniki cəhətdən nasaz avtomobilləri saxlayır, onları müayinədən keçirir və bu zaman atmosferə normadan artıq zərərli qazlar atan nəqliyyat vasitələrinin sürücüləri inzibati məsuliyyətə cəlb edilirlər. 

Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinin rəisi, polis polkovniki Xalid Əzimov bizimlə söhbətində bir fikri xüsusilə vurğuladı ki, biz ekologiyamızın mühafizəsi üçün təkcə «Təmiz hava» aylığında deyil, həm də bütün il boyu lazımi qabaqlayıcı tədbirlər həyata keçiririk. Bu qabaqlayıcı tədbirlər ondan ibarətdir ki, şöbəmizin əməkdaşları həm Bakı şəhərinə, həm də rayonlara ezam edilir, orda keçirilən tədbirlərdə iştirak edir, atmosferə normadan artıq zərərli qazlar atan nəqliyyat vasitələrinin aşkar edilməsində xüsusi rol oynayırlar. Həmişə olduğu kimi, biz yenə ayrı-ayrı sürücülərlə və eləcə də fiziki, hüquqi və vəzifəli şəxslərlə söhbətləri də diqqət mərkəzində saxlayırıq. Çünki bəzən hər hansı inzibati tədbirdən maarifləndirmə metodu daha yaxşı nəticə verir. Biri var atmosferə normadan artıq zərərli qaz atandan sonra  hansısa sürücü ilə söhbət edəsən, biri də var bu söhbətdən sonra texniki qüsurları aradan qaldıran və nəqliyyat vasitəsini qüsursuz idarə edən sürücü ilə söhbət aparasan. Təbii ki, birinci daha effektlidir. Elə rəhbərliyimiz də bizim qarşımıza ən çox qeyd etdiyim bu vəzifələri qoyub. Yəni insanların maarifləndirilməsi və ekologiyamızın mühafizəsi.

Xalid Əzimov bizimlə söhbətində bir fikri də vurğuladı ki, keçirilən «Təmiz hava» aylığında qanunu pozan və texniki cəhətdən  nasaz avtomobillərin sürücüləri bir qayda olaraq stasionar postlarda saxlanılır. Ən çox atmosferə zərərli qazlar atan Sovet istehsalı  olan köhnə «VAZ» markalı avtomobillər, bir də «Kamaz», «Kraz», «Åžadman» markalı yük maşınlarıdı. Bununla yanaşı, istismar müddətini başa çatdırmış və eləcə də yararsız olan avtobuslardan və digər yük maşınlarından da atmosferə  normadan artıq zərərli qazlar atılır. Bu isə qanun pozuntusu  deməkdir. Əgər sürücü edilən xəbərdarlıqlara baxmayaraq, nəqliyyat vasitəsindəki mövcud texniki qüsuru aradan qaldırmırsa, həmin sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 50 manat  məbləğində cərimə edilir. Yenə deyirəm, bizim məqsədimiz hansısa sürücünü cərimə etmək deyil, bizim məqsədimiz qanunu pozan sürücüləri  maarifləndirmək, onları qanuna riayət etməyə dəvət etməkdir. Əgər həmin sürücü «Yol hərəkəti haqqında» Qanunu pozursa onun cərimə edilməsi labüddür.

Göründüyü kimi, ekologiyanın çirkləndirilməsinin qarşısını almaq üçün və eləcə də onun mühafizəsini  həyata keçirmək məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi çox böyük işlər görür, qabaqlayıcı tədbirlər həyata keçirir. Amma bəzi sürücülər deyirlər ki, avtomobilimiz yeni olsa da bəzən  ona tökülən yanacaq keyfiyyətsiz olur. Yanacaq da keyfiyyətsiz olanda istər-istəməz atmosferə normadan artıq zərərli qazlar atılır. Ona görə də aidiyyatı qurumlar respublikamızdakı yanacaqdoldurma məntəqələrində yanacağın keyfiyyətinə diqqət yetirməlidirlər ki, keyfiyyətsiz yanacaq olmasın. 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Seçilən
7
adalet.az

1Mənbələr