AZ

Zorakılıq səhnələrinin tamaşaçı psixologiyasına təsiri “İmtina” nümunəsi

ain.az, Bizimyol saytına istinadən bildirir.

“İmtina” serialının 11-ci seriyasında “Adəm” obrazının “Firuzə”nin başında güldan sındırdığı səhnə son günlər sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib.

Həmin səhnə bir neçə saat ərzində milyonlarla baxış toplayaraq trend siyahısına düşüb. Videonu bəziləri “dramatik gərginliyin ustalıqla verilməsi” kimi dəyərləndirsə də, digərləri bu səhnəni zorakılığın normallaşdırılması kimi qiymətləndirib.

Zorakılıq səhnələri ekran sənətində yeni deyil. Ancaq onların tamaşaçıya təsiri, verilən mesajın mahiyyəti və etik sərhədləri daim mübahisə doğurur. “İmtina”da sözügedən hadisə təkcə bir dialoqun kulminasiyası deyil, həm də psixoloji reaksiyaların nümayişi idi. Lakin bu cür kadrlar izləyicidə həm empatiya, həm də narahatlıq doğura bilər.

Bəzi psixoloqlar hesab edir ki, ekran zorakılığı real həyatda zorakılığa qarşı həssaslığı azalda bilər. Tamaşaçı uzun müddət aqressiv səhnələrə məruz qaldıqda, beyində “normal” və “qəbulolunan” davranış sərhədləri bulanıla bilər. Digər tərəfdən, bu səhnələr müəyyən sosial reallıqları göstərmək və maarifləndirmək məqsədi daşıyırsa, onların təsiri fərqli olur.

“İmtina” serialının həmin epizodu məhz bu sərhədi mübahisəyə çevirib. Tamaşaçılar arasında “səhnə bədii zərurətdən doğubmu, yoxsa şok effekti üçünmü istifadə olunub?” sualı açıq qalır.

Mütəxəssislərin fikrincə, əgər zorakılıq səhnəsi hadisələrin mahiyyətini açmaq və tamaşaçını düşündürmək məqsədi daşıyırsa, bu zaman emosional təsir vasitəsi kimi qəbul edilə bilər. Lakin əgər səhnə məqsədsiz şəkildə təqdim olunursa, o zaman bu, zorakılığın estetizasiyası kimi mənfi təsir buraxır.

Zorakılıq səhnələrinin tamaşaçı psixologiyasına təsiri təkcə bir seriala bağlı məsələ deyil. Bu, ümumilikdə cəmiyyətin estetik və mənəvi həssaslığını müəyyən edən faktordur. Tamaşaçı artıq sadəcə izləyici deyil, həm də emosional iştirakçıdır.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
bizimyol.info

1Mənbələr