AZ

Əminə Yusifqızı dəfn olundu Fotolar Yenilənib

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötən gün vəfat edən Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Təzəpir məscidində baş tutan mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, sənətçilər, yaxınları və ictimaiyyət nümayəndələri sevilən aktrisanı son mənzilə yola salmaq üçün bir araya gəliblər.

Vida mərasimindən sonra mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

***

Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova Əminə Yusifqızının Azərbaycan poeziyasına, ədəbiyyatına və mədəniyyətinə böyük töhfə verdiyini vurğulayıb: “Əminə xanım hamımızın qəlbində yaşayacaq. O, Azərbaycan poeziyasını, ədəbiyyatını və mədəniyyətini ən gözəl formada çatdıran bir nümunə kimi xatirəmizdə olacaq. Onun özündən sonra tələbələri, davamçıları var. Əminə xanımın ruhu şad olsun. Ümid edirəm ki, onun qiraətləri hər zaman yaşayacaq”.

***

Xalq artisti Təranə Muradova Əminə Yusifqızının Azərbaycan mədəniyyətində silinməz izlər qoyduğunu bildirib: “O, mədəniyyətdə böyük izlər qoyan bir xanımdır. Onun səsi, onun şeirləri hər zaman yaşayacaq. Ömrünün axırına qədər şeir dedi. Onun sonuncu sözü o olub ki, “Mən anamın yanına getmək istəyirəm”. Baxmayaraq ki, yaşı çox idi, amma çox güclü xanım idi”.

***

Xalq artistinin nəvəsi Leyla Əliyeva deyib ki, Əminə xanım hamı üçün Əminə Yusifqızı idi, onlar üçün isə doğma bir insan.

“Anamızın anasıdır, nənəmiz idi. Düzdür, biz ona heç vaxt nənə deməzdik, o sözü heç vaxt sevməzdi. Çox gözəl bir insan idi. Onunla bağlı ən xoş xatirələr düşür yadıma dünəndən. Nə yaxşı ki, onun şeirləri bizimlə yaşayacaq”,- o bildirib.

***

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, Əminə Yusifqızı həm gözəl sənətkar, həm də gözəl insan olub: “Onun yaradıcılığı və insani keyfiyyətləri həmişə yaddaşımızda yaşayacaq”.

***

Xalq artisti Şəfiqə Məmmədova ən yaxın rəfiqəsini itirdiyini söyləyib: “O, çox böyük bir dostluğun nümunəsi olub. Mən Əminəni çox sevmişəm. Ən gözəl filmlərimizi o səsləndirdi. Əminənin gözəl səsi onu yaşadacaq”.

***

Xalq artisti Fərhad Bədəlbəyli Əminə Yusifqızının Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını qeyd edib: “Onunla çox gözəl işlərimiz olub. O, gözəl, güclü və nümunəvi xanım idi. Əminə xanımdan bir də olmayacaq”.

***

Xalq artisti Brilliant Dadaşova qeyd edib ki, Əminə Yusifqızının şeirləri və səsi ilə bir neçə nəsil düzgün tələffüz etməyi öyrənib: “Çox sevinirəm ki, mən də həmin nəslə aidəm. Biz ondan çox şey öyrəndik - həm mədəniyyəti, həm də düzgün danışmağı. Onu heç vaxt unutmayacağıq”.

***

Xalq artisti Hacı İsmayılov son zamanlarda çox dəyərli sənətkarlarımızı itirdiyimizə diqqət çəkib: “Bu gün də onlardan biri Əminə Yusifqızını itirdik. O, teatrdan uzaqlaşdı, amma sənətdən getmədi. Nə yaxşı ki, bu işlə məşğul oldu. Onun məlahətli səsi, gözəl diksiyası imkan verirdi ki, həm radioda işləsin, həm də dublyaj işlərində. Əminə Yusifqızı fərqli aktrisa idi”.

***

Mərhum aktrisanın qızı Səminə Əliyeva anasının ölümünə hələ də inanmadığını deyib: “Hələ də inanmıram. Elə bilirəm anam evdədi və mən gedəcəyəm yanına. Hamınıza təşəkkür edirəm”.

***

Xalq artisti ilə vida mərasimi başa çatıb. Mərhum dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılır.

***

Xalq artisti Əminə Yusifqızı “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Əminə Yusifqızı 89 yaşında vəfat edib.

Lamiyə Məmmədova

Fotolar: Xəyal Vəlizadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
qafqazinfo.az

3Mənbələr