ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” Kanadanın “Wyvern” şirkəti ilə yeni tərəfdaşlıq münasibətləri qurub.
AZƏRTAC xəbər verir ki, razılaşmaya əsasən, “Azərkosmos” “Wyvern” şirkətinin yüksək dəqiqlikli hiperspektral peyk görüntülərinin rəsmi distributoru olacaq. Bu əməkdaşlıq regionda qabaqcıl Yer müşahidəsi imkanlarının daha geniş auditoriyaya təqdim edilməsinə şərait yaradacaq.
Qeyd olunur ki, “Azərkosmos” artıq Azərbaycanda və region ölkələrində müştərilərə “Wyvern”in “Dragonette” hiperspektral məlumatlarına birbaşa çıxış imkanı təqdim edəcək.
“Wyvern” şirkətindən bildirilib ki, “Azərkosmos”un peyk xidmətləri sahəsindəki təcrübəsi və etibarlı beynəlxalq mövqeyi ilə birləşən bu əməkdaşlıq kənd təsərrüfatı, ətraf mühitin monitorinqi, təhlükəsizlik və infrastruktur kimi mühüm istiqamətlərdə yeni imkanlar yaradacaq.
Tərəflər qeyd ediblər ki, bu tərəfdaşlıq Yer üzərindəki ekoloji və iqtisadi problemlərin həllinə yönəlmiş hiperspektral məlumatların qlobal səviyyədə əlçatanlığını artıracaq.
“Wyvern” şirkəti “Azərkosmos” ilə əməkdaşlığı genişləndirərək hiperspektral məlumatların tətbiq sahəsini yeni bazarlara və sənaye istiqamətlərinə yaymağı hədəfləyir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.