AZ

Birləşmiş Krallığın Xarici İşlər Ofisinin sabiq naziri Ağdərədən dünyaya səsləndi: Bu cür hadisələr heç vaxt baş verməli deyil

Ağdərə, 10 oktyabr, T.Ağaməmmədov, AZƏRTAC

Azərbaycanda kütləvi məzarlıqların şahidi oldum və heyrətə gəldim. Mən Azərbaycan xalqının kədərini bölüşürəm.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdərəyə səfər edən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçısı, Birləşmiş Krallığın Xarici İşlər Ofisinin sabiq naziri Rəhman Çişti deyib.

“Bu dəhşətli münaqişə zamanı çoxlu insan həyatını itirib. Bu, elə bir dəhşətli mənzərədir ki, mən digərlərinin belə bir şeyə şahid olmasını istəmərəm. Heç bir yerdə münaqişə olmamalıdır, günahsız insanlar həyatlarını itirməməlidirlər. Mən dünyaya səslənirəm: bu cür hadisələr heç vaxt baş verməli deyil”, - deyə o bildirib.

İtkin düşmüş şəxslərin hüquqlarının beynəlxalq səviyyədə qorunması üçün Azərbaycanın mühüm işlər gördüyünü vurğulayan R.Çişti deyib: “Mən bu təşəbbüsü dəstəkləmək üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları bu gün Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuş yüksəklikdə 10-dan artıq Azərbaycan hərbçisinə aid olması ehtimal edilən meyit qalıqlarının aşkarlandığı kütləvi məzarlığa baş çəkiblər.

Seçilən
14
2
azertag.az

3Mənbələr